"30 ilin müəlliminin illərlə canını verdiyi peşəsindən kənarlaşdırılması ilin son ayının kuliminasiya nöqtəsi oldu. Kimlərsə müəllimə bəraət qazandırmaq, kimlərsə onun bu hərəkətinin yolverilməz olduğu mövqeyini seçdi. Həmişə olduğu kimi bu dəfə də fikirlər haçalandı, müzakirə və mübahisələr bir az da qızışdı, günahkar axtarışı bu günün özündə də davam etməkdədir. İstər-istəməz sual ortaya çıxır: kim zəmanət verə bilər ki, müəllim-şagird münasibətləri zəmnində baş verən münaqişələr hələ bundan sonra da neçə illər keçsə belə davam etməyəcək?! Tərbiyə işinin təşkilində məktəb ailəni, ailə məktəbi ittiham etməyəcək, müşahidəçi qismində çıxış edən tərəflər isə ittiham prosesində iki cəbhəyə bölünməyəcək?"
Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib.
O bildirib ki, tərəflərdən biri belə bir mövqe sərgiləyəcək ki, valideyn öz övladının nazını çəkə bilmirsə, bunu müəllimdən tələb etməyə haqqı yoxdur:
"Bioloji varlıq olmaq etibarı ilə müəllim də insandır və onun da əsəbləri var. Heç bir müəllim, ciddi əsas olmadan, başqa sözlə, əsəbi tarıma çəkilmədən, öz yetirməsinə əl qaldırmaz. Digərləri isə əsaslandırmağa çalışacaqlar ki, əsəblərini cilovlaya bilməyənlər müəllim işləyə bilməz, mövcud qanunvericilik uşağa qarşı hər hansı bir zorakılığa yol verilməsini təqdir etmir. Klassik pedaqoji ədəbiyyatda tərbiyə ümumiləşmiş kateqoriya, insan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyət kimi xarakteriza olunur. Tərbiyənin mahiyyəti, məzmunu, məqsədi, vəzifələri, tərkib hissələri, növləri, həyata keçirildiyi sahələr, iştirakçıları, mərhələləri, üsulları, qanunauyğunluqları, prinsipləri, təlimin tərbiyəvi imkanları, bu imkanların reallaşdırılması və s. məsələlər həmin kateqoriyaya daxildir. Kimlərsə tərbiyəni gənc nəslin mövcud mühitə alışdırılması, kimlərsə uşaqların təbiətinə uyğun gələn vasitələrlə onlara təsir göstərmək prosesi kimi izah edir. Bəziləri isə hesab edir ki, tərbiyə həyat əhəmiyyətli əməli təcrübənin uşaqlar tərəfindən qazanılması prosesidir".
N.İsrafilovun fikirlərinə görə, kimin məsələyə hansı baxımdan yanaşmasından asılı olmayaraq belə çıxır ki, nə qədər ki, tərbiyə işinə birtərəfli yanaşılacaq, tərbiyə işinin təşkilində məsuliyyət tərəflər arasında bərabər bölüşdürülməyəcək, məktəblərimizdə sözügedən halların baş verməsi də bir o qədər qaçılmaz olacaq:
"Ona görə də tərbiyə işi kompleks yanaşma tələb edən bir prosesdir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı “Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var” kimi proqram xarakterli mesaj vermişdi. Kim bilməsə də, pedaqoji prosesin biləvasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu, bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir".
"Ümid edək ki, üzümüzə gələn yeni ildən pedaqoji prosesin bütün sahələrinin qarşılıqlı vəhdətdə çıxış etməsinə nail olmaqla tərbiyə işini yeni müstəviyə qaldırmaq, məktəb-ailə, müəllim-şagird münasibətlərindəki soyuqluğu aradan qaldırmaq, məktəblərdə tərəflər arasındakı münaqişələri heç olmasa, minimuma endirmək istiqamətdə əsaslı tədbirlər həyata keçirıləcək. Valideyn hiss etməlidir ki, müəllimin ən böyük sevinci, öz yetirməsinin uğurudur və müəllimi şagirdin ayağına vermək, böyüyü kiçiyin ayağına vermək kimi mentalitetimizə yaraşmayan hərəkətdir. Hər iki tərəfin vahid bir məqsədi var: “Vətənınə, xalqına layiq övladlar yetişdirmək”, - ekspert əlavə edib.
Fəqan Əzimli