Logo

"Nazirlik müraciətimə dəxlisiz bir cümlə ilə cavab verdi" - ŞİKAYƏT+RƏSMİ AÇIQLAMA

19.12.2022 15:47 2493 baxış
IMG

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsində iştirak edən namizəd nəticədən narazıdır.

Bu barədə "Tehsil.biz"ə müraciət edən həmin namizəd Səmədli Aygün Mahir qızı bildirib.

O, 26 oktyabr 2022-ci il tarixində MİQ imtahanının məktəbəqədər ixtisası üzrə müsahibə mərhələsində iştrak etdiyini qeyd edib: "İlk mərhələdə 40.5 bal toplamışam və ikinci mərhələdə verilən suallara səlis, aydın şəkildə ətraflı cavab vermişəm. Amma "Şəxsi kabinet"imə 13 dekabrda müsahibə mərhələsindən kəsilməyimlə bağlı məlumat gəldi. İmtahandan sonra suallara verdiyim cavabları mütəxəssislərlə də müzakirə etmişdim. Hər biri cavablarımın düzgün olduğunu bildirmişdi".

Narazı şəxs Elm və Təhsil Nazirliyinə də müraciət etdiyini bildirib: "Elm və Təhsil Nazirliyinə komissiyanın cavabları hansı standartlar əsasında qiymətləndirdiklərini öyrənmək istədiyimi bildirdim. Amma nazirlik tərəfindən müraciətimə əlaqəsiz bir cümlə ilə cavab verildi. Müsahibə mərhələsinin nəticələri ilə razı deyiləm, komissiya tərəfindən yanlış qiymətləndirildiyimi düşünürəm".

Məsələ ilə bağlı İnsan resursları mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində müvafiq komissiya tərəfindən namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri yoxlanılır:

"Vətəndaş müsahibə nəticəsindən narazı olduğu təqdirdə rəsmi qaydada ərizə ilə müraciət edə bilər", - qurumun cavabında qeyd olunub.

Fəqan Əzimli

Xəbər lenti