"Müəllimin dərsə mane olan şagirdi döydüyünə görə işdən atılması məsələsinə emosional baxsaq, insan müəllimə, onun halına üzülür".
Bunu təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov "Tehsil.biz"ə açıqlamasında ötən günlərdə şagirdi döyən müəllimin işdən azad olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər həqiqətən belə hallarda müəllimin işdən azad edilməsi qaydası varsa, buna qarışmaq mümkün deyil:

Qoşqar Məhərrəmov (Təhsil üzrə mütəxəssis)
"Ümumiyyətlə hansı hallarda müəllim və ya şagirdə nə cür tədbir görülməsi ilə bağlı qaydalar tərtib olunmalıdır ki, hər hansı bir hadisədə insana özəl qərar verilməsin, qaydalar hamıya eyni dərəcədə şamil edilsin. Əks halda hər insana görə fərqli yanaşma və sistemsizlik olacaq. Əgər əvvəllər də Kazım müəllimlə bağlı bu cür hal yaşanmamışdırsa, ona qarşı töhmət, son xəbərdarlıq verilə və ya başqa addımlar atıla bilərdi. Lakin nəticə olaraq müəllimin həmin mənfi davranışı qəbuledilən deyil. Amma şagirdin də mənfi davranışı qəbuledilməzdir. Şagird də əgər bir neçə dəfə xəbərdarlıq alıbsa, psixoloq, sosioloq nəzarətindədirsə, o uşaqla məşğul olunur, ancaq yenə də düzəlmirsə, o zaman həmin şagird müəllimin səbrini tarama çəkmək məcburiyyətində deyil".
Qoşqar Məhərrəmov bildirib ki, şagirdlə müəllim sinif otağında qurdla quzu kimi baş-başa buraxılmamalıdır:
"Bu duruma məktəb rəhbərliyi tərəfindən müdaxilə edilməlidir ki, müəllim əziyyət çəkməsin. Şagird faktiki olaraq Kazım müəllimin situasiyasında dərsin gedişinə mane olur. Bu zaman müəllim həmin şagirdi sinifdən çıxarmalı, direktor otağına qoymalı, şagirdi rəhbərliyin ixtiyarına buraxmalı idi. Bu hala direktor müdaxilə etməli idi ki, şagird və müəllim üz-üzə qalmasın. Müəllimin vəzifəsi dərsdəki prosesi irəli aparmaqdır, şagird isə buna mane olursa, bu zaman məktəb rəhbərliyi buna müdaxilə etməlidir. Müəllim o cür hallarda yalnız, problemlə qarşı-qarşıya qalmamalı idi. Lakin müəllimin belə halda tək olması onun emosiyalarını nəzarət altında tuta bilməməsi ilə nəticələnir. Amma yenə də qəbahət birinci şagirddə, sonra müəllimdədir. Müəllim şagirdi vurduqda haqlı olarkən haqsız duruma düşür, vurmasaydı, əlbəttə, şagird mütləq bir cəza almalı idi, lakin vurduğu üçün müəllimin qəbulolunmaz nöqsanı oldu".
Mərcanə Əsədova
Həmçinin oxuyun: "30 ilin müəllimini illərlə canını verdiyi peşəsindən kənarlaşdırmaq şərəfsizlikdir"