Logo

Naxçıvanda təhsil alan tərtərli: Düşmən xalqımızın şir ürəkli, dəmir biləkli oğullarından, qüdrətli

07.10.2020 00:53 456 baxış
IMG

Ailə üzvlərim əvvəldən Tərtər rayonunda yaşayır və Vətən müharibəsi başlayandan bu tərəfə bir gün olsa da Tərtəri tərk etməyiblər. Etiraf edim ki, ilk günlərdə narahatlıq keçirirdim. Narahatlığıma səbəb tək atam, anam, qardaşım deyil, ailə dedikdə, mən bütün Tərtər sakinlərini nəzərdə tuturam... Sonradan anamla telefonda danışdıqdan sonra bütün narahatlığım qürur hissi ilə əvəzləndi. Anam telefonda ağlaya-ağlaya dedi ki, “qızım, biz 30 ildir ki, bu anı gözləyirdik, bu an üçün yaşayırdıq cəbhə bölgəsində. Biz ordumuzun, əsgərlərimizin gücünə, qüdrətinə inanırıq! Mütləq Qələbə qazanacağıq və nə qədər Tərtər şəhərinə atəş açsalar da, nə qədər yaxınlarımızdan itkilərimiz olsa da, biz torpağımızdan çıxmayacaq və lazım olarsa, mən də bir ana kimi, qohum-qardaş, burda hamılıqla döyüşə gedəcəyik”.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi, Tərtər rayonundan olan Zeynəb Müzəffərli bildirib ki, anasının bu sözləri ona mənəvi dayaq olub. Qələbəyə inamı daha da artıb. Çünki müharibədən ən çox ehtiyat edən qadınlardır. Bizim analarımız, bacılarımız isə var gücləri ilə “Hər şey Vətən üçün, hər şey Qələbə üçün!” – deyərək hayqırırlar. Xalqımızın qadınlarında bu cəsarət varsa, onlar top-tüfəng səsindən qorxub öz yurd-yuvasını tərk etməyi qətiyyən düşünmürsə, onda düşmən bu xalqdan, onun şir ürəkli, dəmir biləkli oğullarından, qüdrətli ordusundan qorxmalıdır!
Zeynəb Müzəffərli deyib: “Bu gün ordumuzdan ancaq xoş xəbərlər alırıq və bu, hər bir azərbaycanlı kimi, məni də qürurlandırır. Bu gün mən ailəmin Tərtərdə yaşamasından narahatlıq deyil, fəxarət hissi duyuram. Çünki mənim ailəm, xalqım vətənpərvərdir. Və mən bir qarabağlı qız kimi, Qarabağda böyüyüb boya-başa çatan bir övlad kimi deyirəm ki, ordu sıralarına qoşulmaq üçün könüllü yazılmışam və hər an Vətənin müdafiəsinə hazıram. Mən inanıram, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Xəbər lenti