Logo

“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsi başa çatıb - FOTO

16.12.2022 12:27 287 baxış
IMG

“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda IX sinif şagirdləri üçün 2 günlük “Öz peşəni özün seç” karyera düşərgəsi uğurla yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, düşərgə Kürdəmir rayon məktəblərindən sorğu əsasında seçilmiş 15 nəfər şagirdi əhatə edib.

Layihənin əsas məqsədi IX buraxılış sinif şagirdlərinin peşə seçiminə və karyera inkişafına dəstək olmaqdan ibarətdir. Bu məqsədlə 2 günlük düşərgədə layihəyə cəlb edilmiş təlimçi və ekspert tərəfindən şagirdlərə peşə seçiminə təsir edən amillər, özünü tanıma, xarakter tiplərinin müəyyən olunması və hər şagirdin xarakterinə uyğun peşə və ixtisasların seçilməsinə dəstək, özünü kəşf etməyə mane olan düşüncələr, peşə təhsilində uğurlu olmaq üçün inkişaf planının tərtib olunması, uğurlu karyera üçün lazım olan bacarıqlar, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanma qaydaları, müsahibəyə hazırlıq, peşə təhsil mərkəzlərinə müraciət formaları, peşə təhsilində ixtisas seçimi və sair mövzular tədris edilib. 

Düşərgə çərçivəsində təlimlər qeyri-formal üsullarla, rol və simulyasiya oyunları, qrup işləri, təqdimatlar və müzakirə formatında təşkil edilib.

Təlimçi, BDU-nun müəllimi Fərid Seyfullayev hər bir şagirdi fərdi qaydada konsultasiya edərək onların xarakter tiplərini müəyyən etmiş və onların xarakterinə uyğun peşə və ixtisaslarını müəyyən edərək öz tövsiyyələrini verib.  

Təlim proqramına uyğun olaraq düşərgənin ikinci günü şagirdlər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək oradakı tədris prosesi, mərkəzin şəraiti və avadanlıqları ilə daha yaxından tanış olublar.

Düşərgənin sonunda layihə rəhbəri Günel Hüseynova layihənin əhəmiyyətindən və şagirdlərə peşə seçiminə təsir edən amillərdən danışıb. O, göstərdikləri fəallığa görə şagird heyətinə və düşərgə boyu şagirdlərə dəstək göstərən təlimçi F.Seyfullayevə təşəkkürünü bildirib.

Yekunda iştirakçılara sertifikat təqdim edilib.

Xəbər lenti