Logo

"Hər kəsin taleyində müəllimin yeri var" - MÜSAHİBƏ+FOTO

16.12.2022 10:51 862 baxış
IMG

"Bir müəllim olaraq məqsədim elm, bilik xəzinəsini şagirdlərimin üzünə açmaqdır. Çalışıram, bu xəzinəyə inamla daxil olsunlar, həyatın enişli-yoxuşlu yollarında büdrəməsinlər, öz bilik və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr versinlər".

Tehsil.biz xəbər verir ki, bunu Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fidan Musayeva deyib.

Müsahibəni təqdim edirik:

- Dərs prosesini necə nizamlayırsınız?

- Müəllimin işinin bir hissəsi də tədris prosesində öyrənənlərdə öz fənninə qarşı maraq yaratmaqdır. Şagirdlərdə elə bir maraq yaratmalıyıq ki, bilikləri dərindən mənimsəməyə kömək etsin. Zaman çox qiymətli və dəyərlidir. Bu anlayışın tədris prosesində də rolu böyükdür. Belə ki, dərs vaxtını düzgün qurmaq üçün ona ayrılan müddətdən səmərəli istifadə edirəm. Çalışıram, sinifdə elə qaydalar qoyum ki, vaxt itkisinə yol verilməsin.

- Sizcə, müəllim olmaq daha çətindir, ya şagird?

- Müəllim olmaq asandır. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. Böyüklərdən fərqli olaraq uşaqların sevgisi içdən gəlir. Hər bir müəllim şagirdlərin sevgisini qazanmalıdır. Bu da ilk öncə müəllimdən peşəkarlıq tələb edir. Hər kəsin taleyində müəllimin yeri var. Ona görə də müəllimlik çox çətin və məsuliyyətli peşədir.

- Müəllimlik peşəsində ən çox diqqət edilməli məqam nədir?

- Müəllim ilk öncə öz ixtisasını mükəmməl bilməlidir. Şagirdinə ən böyük nümunə olmalıdır. Müəllim bildiyimiz mövzuları kitablarda, yaxud istifadə etdiyimiz mənbələrdə yazıldığı kimi mürəkkəb şəkildə yox, daha anlaşılan və sadə dildə şagirdlərə çatdırmalıdır. Öyrədən və öyrənən arasında “dağlar, dərələr” olmamalıdır. Elmi anlayışları gündəlik həyatdan, hətta şəxsi təcrübələrimizdən yararlanaraq şagirdlərə çatdırmalıyıq. Hər zaman yeniliyə açıq olmalıyıq. “Dünyanı dəyişdirən müasir texnologiyalar”a yiyələnməliyik.

- Şagirdlərlərinizlə aranızda münasibət necədir?

- Çoxillik pedaqoji təcrübəmdən bu qənaətə gəlirəm ki, müəllim-şagird münasibətlərini düzgün qura bilmək üçün müəllim ilk növbədə şagirdləri yaxşı tanımalı, onların fərdi, psixoloji xüsusiyyətlərini bilməlidir. Bu məqsədlə mən əvvəlcə sinif şagirdləri ilə tanışlıq zamanı onlarla diaqnostik iş aparıram. Bu zaman testlərdən, müşahidə, fərdi və kollektiv söhbətlər, oyunlardan istifadə edirəm. Bu kimi işlərin aparılması müəllim-şagird münasibətlərinin düzgün qurulmasına və eyni zamanda şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasına imkan verir.

- Bizimlə bir xatirənizi bölüşün.

- Kiçikyaşlı şagirdlərlə işləməyin hər günü biz ibtidai sinif müəllimləri üçün bir xatirədir. Şagirdlərimlə bağlı xatirələrim həm xoş, həm də kövrəkdir. Onların məktəbə qədəm qoyduqları ilk gün mənim üçün unudulmaz  xatirədir.

Şagirdlərinizə həyatı anlamaları üçün kitab hədiyyə etsəniz, bu kitab hansı olar?

- Mütaliə uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi cəhətdən yetkinləşməsində, təlim-tərbiyəsində, bir fərd kimi formalaşmasında həmişə mühüm amil olub. Ona görə də mütaliəyə diqqət yetirmək lazımdır. Mən düşünürəm ki, ədəbiyyatımızın hər bir nümunəsi, istər şifahi xalq ədəbiyyatı, istərsə də şairlərimizin, yazıçılarımızın ədəbi nümunələri olsun, hər birinin şagirdlərin dünyagörüşünün formalaşmasında, əxlaqi cəhətdən yetkinləşməsində mühüm rolu var. Nizami Gəncəvi yaradıcılığına rəğbətim böyükdür. Nizami Gəncəvinin əsərlərində irəli sürdüyü əxlaqi prinsiplər, tərbiyə ilə bağlı olan düşüncələr, fikirlər daha çoxdur. Şagirdlərimə də Nizami Gəncəvinin əsərlərini hədiyyə edərdim.

Xəbər lenti