Logo

Emin Əmrullayevə növbəti cavab: "İmtahandan keçə bilməyəni işə kim götürüb?"

16.12.2022 00:16 1313 baxış
IMG

"Elm və təhsil naziri Emin Əmrullayev hər dəfə çıxışlarında deyirdi ki, problemlərdən danışın, problemlər qaldırın, təkliflər verin. Bu sözləri ilk dəfə eşidəndə, sözün düzü, çox sevindim. Fikirləşdim ki, nəhayət, təhsilin rəhbərliyinə tənqidə açıq, tənqiddən qorxmayan, təşəbbüslərə, innovasiyalara açıq, mütəxəssislərlə dialoqameylli, real inkişaf istəyən birisi gəlib. Biz də vaxt olduqca nazirin bu tövsiyələrinə hörmət əlaməti və təhsilin inkişafına dəstək niyyəti ilə problemləri qaldırdıq, təkliflər verdik".

Bunları "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, son 30 ayda müxtəlif saytlarda 200-dən artıq problem xarakterli məqalələr yazılıb, hər məqalədə də 1-2 təklif verilib: "Təəssüf ki, bu məqalələrdə qaldırılan problemlər və verilən təkliflər havada qaldı. Hesab edirik ki, təhsili inkişaf etdirmək istəyən komandaya təhsilin müxtəlif istiqamətlərində olan bu 200 təklif kifayət idi ki, təhsili durğunluqdan çıxarsın. Nazirin etiraf etdiyi kimi, təhsilimizdə ideya çatışmazlığı var".

İlham Əhmədov bildirib ki, son illər nazirlikdə çalışan əməkdaşların əksərinin təcrübəsiz və ya mütəxəssis olmadığı nəzərə alaraq xeyli ideyalar verilib: "Dəfələrlə etiraf etdiyi kimi, təhsil mövzusunda çox vaxt məişət səviyyəsində müzakirələr gedir. Bu müzakirələrdə elm, elmi ideya, monitorinq araşdırmaları, proqnozlar, faydalı tövsiyələr, innovasiyalar çox azdır. Amma bu qədər problemləri olan nazirlik, verilən təklifləri  qiymətləndirə bilmirsə, bu özü bir problemdir. Bu  müəllimlərin şaftalı sözünü yazmasından və ya kvadratın perimetrini səhv hesablamasından da böyük faciədir".

İlham Əhmədov

Dosentin fikirlərinə görə, faktiki olaraq Elm və Təhsil Nazirliyinin təhsilə və elmə belə münasibəti onun gələcək fəaliyyətini elm və təhsilin yeni tələbləri səviyyəsində qura biləcəyinə inamı azaldır: "Bu ərəfədə Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə millət vəkilləri və nazirlik əməkdaşları iştirak ediblər. Nazirin çıxışından bəzi məqamlara diqqət edək: "30 il müstəqillik dövründə ancaq qəbul və buraxılış imtahanlarındakı nəticələrdən şikayət etsək, növbəti otuz ildə də bu barədə düşünəcəyik". Sual olunur: bəs imtahan nə üçündür? Təhsilin keyfiyyəti bəs necə müəyyən edilməlidir? Elm və Təhsil Nazirliyi axı özü qiymətləndirməni,  imtahanları çox sevir, iki ildir, ancaq bundan danışır. Bəlkə növbəti 30 ildə də buraxılış imtahanından yox, sertifikasiyadan danışaq? Missiya yalnız məktəblərdə vakant yerlərin sayını artıqmaqdır? İşdən çıxan minlərlə müəllimin nazirliyə heç bir aidiyyəti yoxdur? Onlar bəlkə  başqa planetdə ali təhsil alıblar? Bu gün sertifikasiyadan keçməyən müəllimlərlər dünən necə müəllim kimi işə qəbul ediliblər? Kim onları işə qəbul edib? Niyə heç bu haqda danışılmır? Axı bu hökuməti hörmətdən salır. E.Əmrullayev daha sonra bildirib: "Uşaqların niyə aşağı nəticə göstərməsi hər dəfə sual olaraq verilir. Biz burada bunun niyəsini tapmalıyıq. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var. Fərqi yoxdur nazir kimdir, bunun üzərində işləməliyik". Burada qeyd etmək istərdik ki, nazirin və komandasının kimliyi fərq edir, özü də çox ciddi. Təriflədiyiniz Sinqapur və Koreyada  təhsil nazirliyinin heyətini öz komandanızla müqayisə edin, fərqi görəcəksiniz".

İ.Əhmədov deyib ki, problemlərin səbəbini parlament yox, müvafiq icra qurumu, yəni, Elm və Təhsil Nazirliyi və onun nəzdində olan Təhsil İnstitutu tapmalıdır: "Son 8 ildə nazirlik və ARTİ bunun niyəsini niyə tapmayıb? Bu instituta 5-6 il rəhbərlik etmisiniz, vaxtınız və resurslarınız vardı bu haqda düşünməyə. Son 7-8 ildə paylanmış 10 milyonlarla manatlıq qrantlar nəticəsində bunun niyəsi  tapılmalı idi. Bu başqa bir yazının mövzusudur. 

Nazir öz çıxışında pedaqogika elminə daha bir yenilik innovasiya gətirib: "Sinifdə az və ya çox uşağın olması təhsilin keyfiyyətinə təsir etmir". Uşaqların sayı keyfiyyətə təsir etmirsə, onda nazirliyin illərcə “mübarizə” apardığı repetitorluq bəs niyə inkişaf edir? İmtahanların nəticələrini göstərən ikirəqəmli ədədi konkret demək lazımdır, 70 % məktəbli 150 baldan az yığıb. Yəni məzunlar  maksimum balın 20 %-ni toplayıblar".

İ.Əhmədov təhsildə olan problemlərin ilbəil artdığını vurğulayıb: "30 il bu barədə danışdıq, belə getsə, hələ 30 il də danışacağıq. Təhsilin büdcəsi artdıqca problemləri də artır. Deyəsən artan təhsil büdcəsi baş gicəllənməsi yaradır, təhsil arxa plana keçir. Bəlkə təhsil problemlərini  həll etməyə elə Sinqapur və Koreyadan menecerlər dəvət edilsin, çünki bizim menecerlər yalnız problemlər yarada bilirlər".

Mərcanə Əsədova

Xəbər lenti