Logo

Ekspertdən nazirə CAVAB: "Şagird sayı təhsilin keyfiyyətinə təsir edir"

15.12.2022 22:51 696 baxış
IMG

"Elm və təhsil naziri deyir ki, şagird sıxlığının tədrisin keyfiyyətinə təsiri yoxdur və fikrini onunla əsaslandırır ki, Bakı şəhərində şagird sıxlığı olan məktəblə bölgədə şagird sayı az olan məktəbin nəticəsinin ciddi fərqi yoxdur. Mənbə kimi də Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının nəticələrini qeyd edir. Əlbəttə ki, bu fikir sadəcə olaraq pafosdan və əsası olmayan ifadədən başqa bir şey deyil. Çünki o şagirdlərin aşağı siniflərdəki nəticələri barədə heç bir data yoxdur ki, onunla müqayisə edib bunu demək mümkün olsun".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, çünki IX və XI siniflər imtahan nəticələrini hazırlıq kurslarında, repetitor yanında əldə edirlər: "Orta məktəb qiymətlərini də əlbəttə ki, müqayisə etmək absurd yanaşmadır. Bizim Bakı məktəbinin və bölgə məktəbinin 1-8 -ci siniflərdəki eyni yoxlama və ölçməyə cəlb olunması informasiyası olmadığı üçün onu 9 və 11-ci sinfin buraxılış imtahanlarının nəticələri ilə müqayisə edə bilmərik. Yəni şagird sıxlığı olan ibtidai sinifdə nəticələr yüksəkdir, amma şagird sıxlığı olmayan 9-cu sinifdə nəticələr aşağıdır".

K.Əsədov bildirib ki, şagird sayı təhsilin keyfiyyətinə təsir edir: "Bununla bağlı kifayət qədər tədqiqatlar var. Təlim göstəriciləri isə təkcə buraxılış imtahanlarının nəticələri deyil. Təlimə tərbiyə də daxildir. Gəlin müqayisə edək. Bakıdakı məktəblərlə bölgə məktəblərində nə qədər şagirdlər arası münaqişə qeydə alınıb? Olimpiada medalını qazanan şagirdlərin məktəblərini də müqayisə edək. Onda görəcəksiniz ki, həqiqətən də nazir heç bir elmi yükü olmayan ifadə işlədir".

Qeyd edək elm və təhsil naziri Emin Əmrullayev sinifdə az və ya çox uşağın olmasının təhsilin keyfiyyətinə təsir etmədiyini bildirmişdi.

Həmçinin oxuyun: Məktəblərdə şagird sıxlığı dərsin gedişinə təsir edirmi? - AÇIQLAMA

Mərcanə Əsədova

Xəbər lenti