Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Gənc torpaqşünaslar klubu” layihəsinin açılışı olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son illər ölkədə könüllülük hərəkatının vüsət aldığını bildirib. Qeyd edilib ki, bu hərəkat gənclərin sağlam amal uğrunda təşkilatlanması, dostluq mühitinin yaranması, cəmiyyətə təmənnasız töhfə vermək vərdişlərinin aşılanması baxımından çox faydalıdır. Könüllü təşkilatlardan olan “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyəti gənclər arasında aqrar sahə üzrə bilik, bacarıq və vərdişlərin artırılmasına xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini Məmməd Həziyev torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, ekologiya sahələrinin ölkədəki əhəmiyyətini diqqətə çatdırıb, gənc könüllülərə bu sahələrdəki fəaliyyətlərində uğurlar arzulayıb.
“Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədr müavini Ramiz Sultanov tərəfindən təşkilatın ümumi fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verilib.
Sonda BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Cəsarət Şabanov gənc könüllülərə “Torpağı əkinə yararlı hala gətirmək üçün nələr lazımdır?” mövzusunda təlim keçib.