Logo

İsveçin “RECONOMY” proqramı çərçivəsində AzMİU-da xüsusi auditoriya yaradılacaq

12.12.2022 20:26 341 baxış
IMG

İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya yaradılacaq.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyi ilə icra edilən proqram çərçivəsində həm də təlimlər keçiriləcək və tədris videoçarxları hazırlanacaq.

Layihənin məqsədi Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirmək, binaların enerji səmərəliliyinin artırılması istiqamətində kadr çatışmazlığını aradan qaldırmaq, eləcə də bu sahəyə marağı olan gənc mütəxəssislər üçün yeni iş yerlərinin yaradılmasıdır.

Layihənin Azərbaycan üzrə koordinatoru, AzMİU-nun Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri dosent Nurməmməd Məmmədov tərəfindən layihə üzrə xüsusi təlim-tədris proqramı hazırlanıb. Proqram əsasında İnşaat Kollecinin tələbələrinə, eləcə də binaların enerji effektivliyi sahəsinə maraq göstərən şəxslərə videoçarxlar vasitəsilə təlimlər keçiriləcək. Təlimlər enerji effektivliyi sahəsinə aid xüsusi avadanlıqlarla praktik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin əvvəlində İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyi və Gürcüstanın Enerji Effektivliyi Mərkəzi ilə əməkdaşlıq əsasında İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya yaradılıb. Hazırda icra edilən “RECONOMY” proqramına əsasən yaradılacaq auditoriya sayca ikinci olacaq.

Xəbər lenti