Logo

"Heydər Əliyev çətin bir vəziyyətdə Azərbaycan Respublikasının Prezidenti seçildi"

12.12.2022 02:25 333 baxış
IMG

Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Gəlin, bir anlığa geriyə qayıdaq və XX əsrin son on ilində Azərbaycandakı vəziyyətə nəzər salaq. SSRİ adlanan nəhəng və 73 il mövcud olmuş məkan süqut etdi. Uzun illər əsarət altında qalmış 15 respublika müstəqillik qazandı. Bu Respublikalar arasında Azərbaycan Respublikası da var idi. 20-ci əsrin əvvəllərində birinci dəfə müstəqilliyi dadmış Azərbaycan, tarixində ikinci dəfə idi ki, müstəqil olurdu. Ancaq müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Moskva nəhəng dövlətin dağılması, süquta uğraması və bir vaxtlar nəzarət altında saxladığı Respublikaların müstəqil olması ilə barışa bilmirdi. Nəyin bahasına olursa, olsun yenidən SSRİ-ni bərpa etmək istəyirdi, ancaq artıq gec idi.

Yeni müstəqil olmuş Azərbaycan Respublikasının daxilində də bəzi qüvvələr var idi ki, SSRİ-nin bərpa olunması üçün çalışırdılar. Onların bu istəyi ilə milli azadlıq hərəkatının qarşıdurması böyük fəlakətə - 20 Yanvar faciəsinə gətirib çıxardı. Həmin dövrdə Moskvada çətin vəziyyətdə qalmış Heydər Əliyev Kremlə öz etirazını bildirdi. Xatırladım ki, 1982-ci ildə SSRİ Siyasi Bürosunun sədr müavini vəzifəsinə təyin olunan Heydər Əliyev böyük dövlətin bir neçə nazirliyinin işinə nəzarət etmişdir. Onun vəzifədə olduğu illərdə SSRİ-də böyük layihələr həyata keçirilmiş, nəzarət etdiyi nazirliklərin işində nəzərə çarpacaq dərəcədə irəliləyiş olmuşdur. 

90-cı illərin sonunda Azərbaycanda SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən siyasət, yəni Azərbaycan xalqının tarixi dədə-baba torpağı olan Dağlıq Qarabağ və onu əhatə edən bir neçə rayonda, həmçinin, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı törədilən vəhşiliklər, həmin ərazilərdəki milli-mənəvi dəyərlərimizə qarşı törədilən vandallıqlar ürəyi həmişə öz milləti üçün döyünən bir şəxsiyyəti laqeyd qoya bilməzdi. Heydər Əliyev bu siyasətə qarşı çıxaraq bütün tutduğu vəzifələrdən istefa etdi. Lakin Heydər Əliyev elə bir şəxsiyyət idi ki, hətta vəzifəsindən istefa etsə belə, yenə də SSRİ rəhbərliyi ondan çəkinir və hər bir vəchlə onun Moskvanı tərk etməsinə mane olmaq istəyirdi. Məhz belə təhlükə ilə üz-üzə olan Heydər Əliyev 20 Yanvar hadisələrindən sonra ədalətsizliyə dözə bilmədi və öz haqlı etirazlarını bildirdi.

Heydər Əliyevin Moskvadan Azərbaycana gəlməsi bir möcüzə sayəsində baş tutmuşdu. Ancaq biz çox xoşbəxt xalqlardan biriyik ki, Heydər Əliyev kimi bir şəxsiyyət sağ-salamat öz vətəninə qayıda bildi. İlk olaraq Naxçıvanda yaşayan Heydər Əliyev bu Respublikanın Ali Sovetində fəaliyyət göstərdi. Həmin dövrdə Bakıda çox qarışıq bir vəziyyət hökm sürürdü. Bir tərəfdən hakimiyyəti ələ keçirmiş Xalq Cəbhəsi Partiyası, digər tərəfdən səngimək bilməyən xalq hərəkatı, Azərbaycanın regionlarında, xüsusilə də Gəncədə və cənub bölgəsində separatçılıq fəaliyyəti – bütün bunlar müstəqil Respublikanın mövcudluğunu böyük sual işarəsi altına almışdı. Hakimiyyətdə olan qüvvələr isə bu vəziyyəti həll etmək iqtidarında deyildi. Əksinə, orada vəzifə bölgüsü uğrunda qızğın mübarizə gedirdi. Bundan əlavə Ermənistanla sərhəd bölgələrində də vəziyyət çox gərgin idi. Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə bir neçə rayonlarımızı işğal etmiş, bu işğal olunmuş ərazilərdən əhali işgəncələr verilərək öz yurdlarından didərgin salınmışdı.

Azərbaycanın dağınıq şəkildə fəaliyyət göstərən silahlı qüvvələri ermənilərin bu özbaşınalığı qarşısında aciz qalmışdı. Çünki bayaq dediyim kimi, rəhbərliyin başı vəzifə davasına qarışmışdı və ərazi bütövlüyü kimi vacib məsələ onları narahat etmirdi. 

Bəli, Heydər Əliyev belə bir çətin bir vəziyyətdə Azərbaycan Respublikasının Prezidenti seçildi. O, Prezident seçilərkən and içdi ki, bütün ömrünü Azərbaycanın çiçəklənməsinə, inkişaf etməsinə, dünyada inkişaf etmiş ölkə kimi tanınmasına həsr edəcək. Öz xalqı tərəfindən ümummilli lider adını qazanmış Heydər Əliyev həqiqətən də son nəfəsinə qədər Azərbaycanın inkişafı, çiçəklənməsi, müstəqilliyini möhkəmləndirməsi üçün çalışdı. O, hakimiyyətə gəldikdən sonra Azərbaycanın daxilində sabitlik bərpa olundu.

Güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat quruculuğu başlandı. Bu gün cənab Prezident İlham Əliyev ümummilli liderin siyasətini davam etdirir. Azərbaycan Respublikası demokratik dövlət kimi dünyada tanınır. Biz artıq Dağlıq Qarabağ problemini çözmüşük, 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızı azad etmişik. Həmin ərazilərdə tikinti-quruculuq işləri aparırıq. Bütün dünyaya sübut etmişik ki, Azərbaycan güclü ordusu, iqtisadiyyatı, sənayesi, daxili və xarici siyasəti olan bir dövlətdir. Bunlara isə məhz ümummilli lider Heydər Əliyevin illər öncə hazırladığı plan sayəsində nail olmuşuq. 

Ruslan Yusifov

Yevlax rayonu Yuxarı Bucaq kənd ümumi orta məktəbin müəllimi

Xəbər lenti