Logo

"Vatsap region direktorlarının axırına çıxacaq"

08.12.2022 16:55 418 baxış
IMG

İdarəyə məlumat daxil olur ki, uzaq dağ kəndindəki məktəbin direktoru Kişibalanın qohumu Xanımqız və Qızxanım işə gəlmir. Sektor müdiri Kişibalaya vatsapla zəng edir ki, Qızxanım və Xanımqız işdədir?

Kişibala da isti peçin yanında durub pəncərədən yağan qarı seyr edərək deyir ki, əlbəttə, işdədir. Müdir də direktordan xahiş edir ki, həmin işçiləri canlı olaraq vəzifə başında görüntülə və mənim onlara sözüm var. Direktor məktəbdəki Aygün və Günayı təlimatlandırır ki, bəs Qızxanım və Xanımqız kimi özlərini təqdim edib müdirin suallarına cavab versinlər. Direktor nə biləydi ki, zalım müdir sistemə girib və işçilərin fotosuna da baxır...

Özlərini Qızxanım və Xanımqız kimi təqdim edən işçilərlə söhbət zamanı müdir vaxt tapıb sistemə girir və bu iki nəfərin də adını fotoları ilə müəyyən edib gözlənilmədən onlara Aygün və Günay kimi müraciət edir. O vaxtdan yağan qarla əlaqədar məktəblə fiziki əlaqələr qırılmaqla yanaşı, rabitə əlaqələri də qırılıb. Verilən məlumata görə Xanımqız, Qızxanım, Aygün, Günay və Kişibala o vaxtdan Lənkərandakı xəstəxanada müalicə alırlar.

Belə getsə, bu regional idarə direktor və qohumlarının axırınca çıxacaq.

Rabil Abdinov

Xəbər lenti