Logo

“AzScienceNet” şəbəkəsinin EOSC layihəsində iştirakı məsələsinə baxılıb

08.12.2022 12:06 304 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərov Praqa şəhərində “Avropa Açıq Elm Buludu” (EOSC) mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, gənc tədqiqatçılar beynəlxalq tədbir çərçivəsində keçirilən təlim və plenar iclaslarda EOSC-nin məqsəd, xidmət və vəzifələrinə dair aparılan müzakirələrdə öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində “AzScienceNet” elm kompüter şəbəkəsinin EOSC layihəsində iştirakı məsələsinə baxılıb. Bildirilib ki, “AzScienceNet” elm kompüter şəbəkəsinin EOSC mühitinə inteqrasiyası tədqiqatçılarımızın beynəlxalq elm aləmində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq. EOSC alim və mütəxəssislərə elmi biliklərin qorunub saxlanması, idarə edilməsi və təhlili üçün açıq xidmətlər təklif edir ki, bu da yeni, innovativ biliklərin yaradılmasına təkan verir.

Qeyd edək ki, dünyanın müxtəlif dövlət təşkilatlarından, ali təhsil və elmi-tədqiqat mərkəzlərindən 500-dən çox nümayəndənin qatıldığı simpoziumda Avropa və onun hüdudlarından kənarda EOSC-nin əsas nailiyyətləri və strateji çağırışları, eləcə də müvafiq sahədə prioritetlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti