Logo

BDU-da elmi araşdırmaların nəticələrinin beynəlxalq bazalarda təmsilinə dair seminar keçirilib

07.12.2022 21:50 254 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsi tərəfindən “Gənc tədqiqatçılara dəstək” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, “Elmi araşdırmalar və onların nəticələrinin beynəlxalq elmi veri bazalarında təmsili” mövzusunda keçirilən seminarda BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov məruzə edib.

Məruzədə elmi araşdırmaların "Web of Science" elmi verilər bazasındakı jurnallarda çapı və bu prosesdə qarşıya çıxan problemlərdən bəhs olunub. Qeyd edilib ki, gənc tədqiqatçların elmi nəticələrinin bu jurnallarda çap olunmağa təşviqi məqsədəuyğundur.  "Web of Science" jurnallarının SCIE, SSCI, SSCI, ESCI, Conference Proceeding, Book Citation, həmçinin bu kateqoriyaya daxil olmayan KCI (Cənubi Koreya), Russian SCI, Sci ELO (Latın Amerika, Portuqaliya, İspaniya, Cənubi Afrika) indeksləri haqqında geniş məlumat verilib.

Seminar iştirakçıları “Web of Science” elmi verilər bazasındakı istinadlar (citations), təsir əmsalı (impact factor), H-indeks və Publons rəyləri ilə bağlı məlumatlandırılıb. Son bir ildə "Web of Science"da  yeni "Journal Citation Indicator" sistemininin tətbiq olunması haqqında danışılıb, onun təsir əmsalı ilə əlaqəsi verilib. Qeyd olunub ki, Azərbaycandan "Web of Science" bazasına hazırda 8 jurnal daxildir, onlardan 2-si SCIE, 4-ü indikatorlu ESCI, 2-si isə indikatorsuz ESCI jurnallarıdır.

Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov gənc alimlər üçün faydalı olan seminarın davamlı keçiriləcəyini bildirib.

Xəbər lenti