Logo

Mədəniyyət naziri "CNN" telekanalının nümayəndələri ilə görüşüb - FOTO

07.12.2022 18:13 236 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov dekabrın 7-də ABŞ-nin "CNN" telekanalının ölkəmizdə səfərdə olan regionlar üzrə nümayəndəsi İmran Əhməd və sosial şəbəkə hesabları üzrə direktoru Zara Drissi qəbul edib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, "CNN"nin nümayəndələri Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək bundan sonra da bu istiqamətdə yeni layihələrin reallaşacağını vurğulayıblar.

Anar Kərimov "CNN" əməkdaşlarına Azərbaycan mədəniyyətinin tanıdılması və təbliğinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdıran nazir qədim şəhərimizin tarixi-mədəni irsini əks etdirən materialların lentə alınıb nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edib. UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”sında yer alan Qarabağ atüstü oyun ənənəsi – çövkənlə bağlı təbliğat materiallarının geniş ictimaiyyətə çatdırılmasının da vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın tarixi-mədəni dəyərlərinin beynəlxalq səviyyədə işıqlandırılması məqsədilə "CNN" kanalı ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində bu il Azərbaycan xalçaları, muğam və musiqi sənətimizlə bağlı silsilə videoçarxlar telekanalda yayımlanıb.

Görüşdə qarşıdakı illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müzakirə aparılıb.

Xəbər lenti