Logo

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

07.12.2022 16:44 261 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsində qələbəmiz münasibətilə 2020-ci il dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında keçirilmiş Zəfər paradını birlikdə qəbul etmələri böyük beynəlxalq hadisə kimi dünyanın diqqətini çəkdi.

Zəfər paradında Azərbaycan və türk əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər, eyni zamanda, adi insanlar axın edərək İlham Əliyevi və Rəcəb Tayyib Ərdoğanı salamladılar.

2018-ci ilin 15 sentyabrında Bakının erməni-daşnak qüvvələrinin və onların havadarlarının işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş paradda da Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Azərbaycan və Türkiyə əsgərləri iştirak etmişdilər. 100 il əvvəl də Azərbaycan və Türkiyə bir yerdə idi, bu gün də. Amma bugünkü parad və bugünkü Azərbaycan 100 il əvvəlkindən tam fərqlidir. Bu gün Azərbaycan zəif, köməksiz, dağınıq ölkə deyil, güclü iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti və müzəffər ordusu olan Azərbaycandır. 100 il əvvəl Türkiyə çətin vəziyyətdə olan Azərbaycanın köməyinə gəlmişdi.

Bu gün isə Türkiyə güclü Azərbaycanla müttəfiqliyindən qürur duyur və Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa və bərabərhüquqlu münasibətlərə əsaslanır. 100 il əvvəl Bakı işğaldan azad edilərək ilk Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edildi. Lakin, çox təəssüf ki, 2 il keçmədən cümhuriyyət süquta uğradı. Sovet dövründə Azadlıq meydanında 1 may və sair kimi parad və tədbirlər keçirilirdi. SSRİ-nin son illərində isə burada keçirilən tədbirlər təklənmiş, ədalətsizliklə üzləşmiş və lidersiz vəziyyətdə qalan xalqın etiraz nümayişləri idi.

2020-ci il dekabrın 10-da baş tutan Zəfər paradı Azadlıq meydanının xarakterini dəyişərək onu möhtəşəm Zəfərimizin, ərazi bütövlüyümüzün bərpasının və Azərbaycan-Türkiyə birliyinin təntənəsinin qeyd edildiyi əsas məkana çevirdi.

Zəfərimizin hərəkətverici qüvvəsi olan gənclərimizin və əsgərlərimizin yüksək vətənpərvərlik ruhu, mənəvi-psixoloji hazırlığı, kiminsə torpağını işğal etmək yox, məhz öz doğma torpaqlarımızı azad etmək uğrunda mücadilə aparmağımız bizə Ermənistan tərəfi ilə müqayisə olunmaz üstünlük və güc vermişdir. Ermənistan ordusunda 44-günlük Vətən müharibəsi ərzində 10 mindən çox fərarilik halının olması, bunun tam əksinə olaraq, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması üstünlük və gücümüzün göstəricisidir. Gənclərimizin və əsgərlərimizin Vətənə sevgi, dövlətə və dövlətçiliyə sədaqət ruhunda formalaşması ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, ordu və xalq arasında möhkəm birliyin sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. Bu, bir daha xalqımızın inam və iradəsinin, qələbə əzminin heç vaxt qırılmadığını nümayiş etdirdi. Zəfərə doğru gedən yolda ardıcıl xarici siyasət və diplomatiyanın həyata keçirilməsi, hərb elminin ən müasir yanaşmalarına əsaslanan sistemli ordu quruculuğu, hərbçilərimizin peşəkarlığının daim yüksəldilməsi, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması hər zaman dövlətimizin prioritet məsələlərindən olub.

Vətən müharibəsində tətbiq etdiyimiz taktika dünyanın qabaqcıl hərbi akademiyalarını və müxtəlif ölkələrin, o cümlədən böyük dövlətlərin baş qərargahlarını təəccübləndirmiş, hərbi strategiyamız, müharibə aparma metodlarımız onların diqqətini çəkib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən dünyada ilk dəfə dronlardan, eləcə də süni intellektə əsaslanan texnologiyalardan və elektron müharibə vasitələrindən istifadə olunması bu gün ən çox diqqət mərkəzindədir. Nüfuzlu hərbi ekspertlər və ixtisaslaşmış beyin mərkəzlərinin fikrincə, məsələ sadəcə dronların kütləvi tətbiq edilməsində deyil.

Əslində, Azərbaycanın böyük ustalıq və məharət sərgiləyərək dronları digər hərbi texnika və döyüş vasitələri, xüsusən də ağır artilleriya ilə indiyə qədər hərb sənətində görünməmiş dərəcədə effektiv, mükəmməl koordinasiyalı və ahəngdar tərzdə tətbiq etməsi müharibənin taleyini həll edib.

Xəbər lenti