Logo

Dövlət Proqramı məzunları ilə şəhid övladlarının görüşü olub - FOTOLAR

07.12.2022 16:25 239 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhid övladları üçün Zuğulba tədris idman bazasında “Zəfər düşərgəsi” təşkil edilib.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi uğurlu şəxslərlə, eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın məzunları ilə şəhid ailələrinin üzvləri olan 8-11-ci sinif şagirdlərini bir araya gətirməklə onların düşüncəsində pozitiv dəyişikliklər yaratmaq, motivasiyasını artırmaq, düzgün ixtisas seçimi, gələcək peşə istiqamətləri və xaricdə təhsillə əlaqədar təqaüd proqramları barədə məlumatlandırmaq olub.

Düşərgənin ilk günü şagirdlərlə görüşən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin əlçatanlılığını təmin etmək və keyfiyyətli təhsil almaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra dünyaca məşhur fotoqraf Reza Diqqəti öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran suallara cavab verib.

Eyni zamanda Dövlət Proqramı məzunlarından olan Samirə Həsənzadə “Arzuların arxasınca” adlı təqdimatla çıxış edib.

İçərişəhərə gəzinti ilə başlayan düşərgənin ikinci günü Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Behbudovanın “Kosmosda fürsətlər” adlanan seminarı ilə davam edib. Dövlət Proqramının məzunu və 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Zakirov da öz növbəsində “İnformasiya texnologiyalarında karyera” mövzusunda təlim keçib.

Uşaqlar düşərgə çərçivəsində məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar.

Qeyd edək ki, düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli  məktəblərindən 40 şagird iştirak edib. Düşərgə Nazirliyin Beynəlxalq əməkdaşlıq, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, Məktəbdənkənar fəaliyyətin təşkili şöbələrinin, eyni zamanda regional təhsil idarələri əməkdaşlarının təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti