Logo

Pərdədarın paklıq pərdəsi

06.12.2022 23:50 269 baxış
IMG

Xaliqin xəlq etdiyi nə varsa gözəldir. Bağımızdakı gül kimi. Çün özündəndir - Yaradandan. 

İnsan da dünyaya gül kimi açılır - doğulur. Ətirli və pak olur. Çün oluşu Yaradandandır.

Gül kimi doğulan insan zaman-zaman gül kimi də solur. Bir vaxt gül insanın bədənində doğur: şiddətli ağrılarla, yüzlərlə qırmızı nöqtə formasında. 

Çi fayda. Heç kim heçnə anlamır... Zaman isə öz işini görür. Qızılcasıyla gül açan insan sonrakı həyatında xeyir əməllərilə gül aça bilmir ki, bilmir. 

Beləcə, gül kimi solan insanın üzərindən saflıq qoxusu da çəkilməyə başlayır. Günahı çəllək-çəllək toplayır, saflığı addımbaşı itirir. 

Yaradanla arasında olan abır-həya pərdəsini atır. Məqamı düşəndə pərdəni kiməsə ən ucuz qiymətə belə satır. Artıq o gül ətirli körpədən əsər-əlamət qalmır. İnsan isə bir ömür boyu anlamır: pərdəni bir tək pərdədar götürə bilər!

Əsgər İsmayılov

Xəbər lenti