Logo

Özbəkistanın dövlət mükafatları təqdim olundu

06.12.2022 15:42 107 baxış
IMG

“Özbəkistan və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri getdikcə daha da inkişaf etməkdədir. Prezidentlərimizin həyata keçirdiyi böyük işlər tək Türk dünyası üçün deyil, bütün dünya üçün bir nümunəyə çevrilib”.

Özbəkistan Respublikasının Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə səslənən bu fikirlər ölkələrimiz arasında get-gedə inkişaf edən münasibətlərin bariz təcəssümünə çevrildi. Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxonov qeyd edib ki, ölkəsinin əsas qanunu 30 il əvvəl - 1992-ci il dekabrın 8-də qəbul edilib: “Konstitusiyanın qəbul edilməsi ictimai və dövlət quruculuğunun bütün istiqamətlərində, milli qanunvericiliyimizin bütün sahələrində münasibətləri tənzimləyən aydın hüquq sistemini yaradıb. Özbəkistan Konstitusiyasının ideya və normalarında xalqımızın çoxəsrlik təcrübəsini və mənəvi dəyərlərini, zəngin tarixi-hüquqi irsini əks etdirməsi onun həyatiliyinin təminatıdır”. Səfir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri getdikcə daha da inkişaf etməkdədir: “Əminliklə deyə bilərəm ki, deputatların, ekspert və analitiklərin, KİV nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin bu inkişafda xüsusi töhfəsi var. Eyni zamanda, möhtərəm Prezidentlərimizin həyata keçirdiyi böyük işlər tək Türk dünyası üçün deyil, bütün dünya üçün bir nümunəyə çevrilib. Bu il baş tutmuş yüksək səviyyəli ikitərəfli əməkdaşlıq Özbəkistan və Azərbaycan arasında mədəni-humanitar əlaqələri yeni səviyyəyə yüksəldib”.

Səfir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə təltif olunan elm və mədəniyyət xadimlərinə mükafatların təqdim edilməsinin ona həvalə olunmasından qürur duyduğunu bildirib: “Özbəkistan Prezidentinin 30 avqust 2022-ci il tarixli müvafiq Sərəncamına əsasən Azərbaycanın bir qrup elm və mədəniyyət xadimi mükafatlandırılıblar. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, nəvaişünas alim Almaz Ülvi Binnətova və Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, filologiya elmləri doktoru Ramiz Əskər “Dostluq” ordeninə, Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti fəxri adına layiq görülüb. Onların hər birinə ölkələrimiz arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə dərin təşəkkürümüzü bildiririk!”

Ədəbiyyatşünas alim Almaz Ülvi layiq görüldüyü yüksək mükafata görə təşəkkürünü bildirib: “Bu mükafatı tək özümə yox, AMEA-nın Ədəbiyyat İnstitutunun bütün kollektivinə töhfə kimi qəbul edirəm”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək rəhbərlik etdiyi qurum adından minnətdarlıq edib: “Mükafatlar Özbəkistan Prezidentinin və xalqının Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi yüksək qiymətdir. Azərbaycanla Özbəkistan arasında əlaqələr Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində gün-gündən inkişaf edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan əlaqələr bu gün yüksək inkişaf nöqtəsinə çatıb. Bu münasibətlərin inkişafında ədəbi və mədəni əlaqələrin xüsusi rolu var. Əlişir Nəvaini Özbəkistandan sonra ən çox tədqiq edən azərbaycanlı alimlərdir. Eləcə də Füzulini, Nizamini Özbəkistan alimləri eyni dərəcədə araşdırır. Azərbaycan və Özbəkistan dostluğu qədimdir və həmişə davam edəcək”.

Professor Ramiz Əskər yüksək təltifi özü üçün şərəf hesab etdiyini bildirdi: “Mən son üç ildə Nəvainin və digər özbək klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcüməsi ilə məşğulam. Səfirlik bu işdə mənə dəstək oldu. Çünki universitetlər üçün dərs vəsaiti yox idi. Bundan sonra da bu sahədə töhfələrimi verməyə çalışacağam”.

Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti fəxri adına layiq görülməsinin sevincini yaşadığını söylədi: “ Özbəkistana sevgim uşaqlıqdan var. Bu gün xoşbəxtlikdən bu qədim və gözəl ölkənin Xalq artisti adına layiq görülmüşəm. Hər iki ölkənin mədəniyyətinə töhfələrimi verməkdə davam edəcəyəm”.

Tədbirdə Özbəkistanın Dövlət mükafatları səfir B.Aşrafxonov tərəfindən təqdim olundu.

Xəbər lenti