Logo

"44 günlük müharibədə rəşadətli ordumuz hər günü şanlı tarix yazdı"

06.12.2022 14:48 695 baxış
IMG

Zəfər paradı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin təzahürüdür.

Bu gün “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 2 il ötür. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci ilin başlayan Vətən müharibəsində 44 gün ərzində xalqımızın, Ordumuzun, bizi qələbəyə səsləyən və aparan Liderimizin nəyə qadir olduğunu dünyaya sübut elədi. 44 günlük müharibədə Rəşadətli ordumuz hər günü şanlı tarix yazdı. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasət meydanında işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. 

Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda əzmlə mübarizə aparmaq bacarığına şahidlik etdi.Cənab Prezident İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi.  Qələbə paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu, həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi. Ona görə də dekabrın 10-da keçirilən Zəfər paradının böyük siyasi, tarixi və rəmzi mənası var.

Şanlı ordumuz işğal altında olan ərazilərimizi işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. 
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin paradda söylədiyi «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.

Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.» fikri qəlbimizi riqqətə gətirdi. Onunla birlikdə tribunada olan, fəxri qonaq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın paraddakı nitqində “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür” cümlələri qələbəmizin möhtəşəmliyini bir daha göstərmiş oldu. 

“Bakıda keçirilən Zəfər paradı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin təzahürü idi. 10 dekabr Zəfər paradı ilə Azərbaycan bütün dünyaya mühüm mesajlar ünvanladı. Eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin hərbi paradda iştirakı “Bir millət, iki dövlət” kəlamının təntənəsi idi”.

Paradda bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. O  gün, sözün əsl mənasında, tarixi bir gün olaraq Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixləşdi. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri iştirak etdi.  Bu da Türkiyə və Azərbaycanın birliyi, qardaşlığın ən gözəl nümunəsi oldu. Vətən müharibəsində şanlı qələbəmizin rəmzi olan Zəfər paradı bütün türk dünyasının tarixinin mühüm bir səhifəsinə çevrildi.

“Dəmir Yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqidir. Bu şanlı Qələbəni siyasi-diplomatik və iqtisadi müstəvidə də uğurla davam etdirən Azərbaycan regionda əməkdaşlıq və rifah üçün yeni reallıqlar yaratması qarşıda hələ çox zəfərlərin olacağını deməyə əsas verir. Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Xəbər lenti