Logo

Əhməd Cavadın 130 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

06.12.2022 13:03 323 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Quba Rayon İcra Hakimiyyəti (RİH) və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə filialın akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Yol ver türkün bayrağına!” adlı ədəbi-bədii gecə keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADPU-nun rəhbərliyi, Filologiya fakültəsinin əməkdaşları, Quba RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ADPU-nun Quba filialının rəhbərliyi, AMEA Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin müdiri professor Məmməd İracoğlu, tanınmış şair Ramiz Qusarçaylı,  yazıçı, tərcüməçi və publisist, Əhməd Cavad irsinin tədqiqatçısı Ülviyyə Tahir, Bakı Dövlət Universitetinin (BDU) alimləri, Quba şəhər 4 saylı məktəbin direktoru Gülnarə Niftəliyeva, Quba Fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Kamran  Alıyev, şəhid ailələrinin üzvləri: Tünzalə Abduləlimova, Faiq Abduəlimov, Zümrüd Əliyeva, Rəsmiyyə Qocayeva, Elnarə Abbasova, Nizami Abbasov, rayon ictimaiyyətinin nümayəndələri və filialın kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi f.ü f.d Aytən Qurbanova tədbiri açıq elan edərək, Əhməd Cavadın həyatı və yaradıcılığı ilə bağlı məlumat verib. Qeyd olunub ki, şair 1922-1927 ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix və filologiya fakültəsində ali təhsil alıb.

Filial tələbələrinin ifasında şairin "Gəldim Gəncəyə", "Yuxuma gəlmişdin", "Yağış tökdü üstümüzə", "Susmaram" və digər şeirləri səsləndirilib, istiqlal şairi Ə.Cavad və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını əks etdirən səhnəciklər,  kompozisiyalar nümayiş etdirilib.
Rəsmi hissədə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə, prof. Mahirə Hüseynovaya Quba filialında görülən işləri yüksək qiymətləndirib, tədbir haqqında düşüncələrini bölüşüb. Qeyd edib ki, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamdan irəli gələn məsələləri icra etmək borcumuzdur, bu səbəbdən də təşkil edilən tədbirin mənəvi dəyəri də olduqca yüksəkdir. Digər tərəfdən şair həm də ADPU-nun fəxrlə andığımız yüzlərlə görkəmli məzunlarındandır.

Çıxış edən Quba RİH başçısının müavini Səidə Abasova, prof. Məmməd İracoğlu, şair Ramiz Qusarçaylı,  yazıçı Ülviyyə Tahir istiqlal şairi Əhməd Cavadın həyatının müxtəlif səhifələrindən söz açıb, tədbirin önəmindən danışıblar. 

Filialın direktoru dosent Yusif Alıyev qonaqlara Azərbaycan ictimai fikir tarixində önəmli yer tutan Əhməd Cavada həsr olunmuş tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirərək universitetin ölkənin keyfiyyətli təhsillə yanaşı, regionun ictimai-sosial həyatında da böyük rol oynadığını vurğulayıb.

Sonda rayon ictimaiyyəti adından prof. M.Hüseynovaya simvolik xalça hədiyyə edilib.

Tədbirin yüksək səviyyədə təşkili və filialın ictimai həyatında yaxından iştirakına görə f.ü.f.d Aytən Qurbanova Fəxri fərmanla təltif olunub.

Xəbər lenti