Logo

Mənəvi inflyasiya...

05.12.2022 23:28 311 baxış
IMG

"Boş bir çuvalın dik durması çətindir".(B.Franklin) O qədər dəqiq ifadədir ki, burada nəyisə təbir etməyə lüzum qalmır.

Boş çuvalı içi "boş" adama da bənzətmək olar. Bu məqamda el məsəlinə nəzər salaq: "İçi boş adamın səsi möhkəm çıxar, hər an göz qabağında olar". Ölçülü-biçili, anlayan üçün dərin və həssas deyimdir. Ən maraqlısı da odur ki, içi boşlar, çürük mənəviyyatlılar zahiri - çöl üzlərini bəzəməklə, batini - iç üzlərini gizlətmiş olurlar.

Hələ o zaman satira babamız M.Ə.Sabir "Zahida, gəl soyunaq bir kərə paltarımızı" şeirində deyirdi:

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı.

Şeirin axırıncı misrası zahiri bəzək, daxili təzək olanların bahar halını yəqin ki, daha da pərişan edir, zimistana çevirirdi:

Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Əfəndilər əfəndisi H.Cavid "Batinin əksidir fəqət zahir" - deyərək, zahirimizi daxilimizin aynası hesab edirdi. 

Türk fikir adamı "olduğun kimi ol" söyləyirsə, bu misala təkan verən digər bir müdrik isə "gərək olmalı olduğun kimi olasan" - deyir. 

Əlbəttə, insanın təbii və səmimi halı gözəldir. Bu da doğru tərbiyədən, düzgün təlimdən, istiqamətli təhsildən keçir. Daxilin təmiz, mənəviyyatın saf olanda yaxşıdan - pisə, yaxud pisdən - yaxşıya doğru metamorfoz dəyişikliyə ehtiyac da qalmır.

Və beləliklə kefə alışıb başı qarışan cırcırama kimi müxtəlif moltslardan keçən bəzi ikiayaqlı canlılar dövranlarını başa vuranda anlayır (?) ki, 
xarici görkəm, bahalı geyim, bər-bəzək və hətta dinamikliyə söykənən cavanlıq hərarəti belə zamanın bir kəsiyində öz funksionallığını itirir. Bax, bu zaman geriyə qalan və insanı həyatının sonuna kimi daim hörmətli saxlayan, yaddaşlarda və qəlblərdə yaşadan, hər zaman hər kəsə vacib edən ən əsas məsələ qalır: doğru tərbiyə, düzgün təlim, istiqamətli təhsil.

Yazının son və tutarlı akkordları hər zamanın Barış Mançosunun "Halil İbrahim sofrası" şarkısından bir parça olsun:

Sapa, kulba, kapağa itibar etme dostum, 
İçi boş tencerenin bu sofrada yeri yok. 
Para, pula, ihtişama aldanıp kanma dostum, 
İçi boş insanların bu dünyada yeri yok.

Əziz oxucu, insanlığın ucuzlaşdığı, dəyərdən düşdüyü, beləliklə də mənəvi inflyasiyanın böhrana çevrildiyi zamanda, sizə mənəvi ucalıq arzulayıram...

Əsgər İsmayılov

​​​​​​BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti