Logo

Xüsusi öyrənmə çətinliyi olan uşaqları necə tanımaq olar?

03.12.2022 16:04 887 baxış
IMG

Öyrənmə təlim, təhsil və ya təcrübə yolu ilə bilik, bacarıq və dəyərlərin əldə edilməsi prosesidir 
və ömür boyu davam edir.

Öyrədən, öyrənən, öyrənmə strategiyaları, istifadə edilən materiallar, öyrənmə mühiti ilə bağlı amillər öyrənmə prosesini asanlaşdırar və yaxud çətinləşdirər. Bu amillərlə bağlı problemi olmayan hər bir uşağın akademik olaraq müvəffəqiyyətli olacağı düşünülə bilər. Ancaq xüsusi bir problemi olmadığı halda dərslərində çətinlik çəkən bir çox şagirdə rast gəlmək mümkündür. 

Görmə, eşitmə, sosial, əqli cəhətdən hər hansı bir pozuntuya sahib olmasalar belə, bu uşaqlar oxuma, yazma, danışma (özlərini ifadə etmə), sayma, hesablama kimi fəaliyyətləri çətinliklə yerinə yetirirlər. Bunun səbəbi onların xüsusi öyrənmə çətinliyi yaşamalarıdır. Məktəblərdə öyrənmə çətinliyindən əziyyət çəkən bir çox uşaq müşahidə edə bilərik. Xüsusi öyrənmə çətinliyi müəllimlər və ailələr tərəfindən kifayət qədər bilinmədiyi üçün bu problemi olan uşaqlar məktəbdə, ailədə və digər mühitlərdə bir çox çətinliklərlə üzləşirlər. 

Xüsusi öyrənmə çətinliyi şəxsin normal zəkaya sahib olması, ya da xüsusi istedadlı olmasına 
baxmayaraq, danışma, dinləmə, oxuma, yazma, məntiq yürütmə və riyazi bacarıqların qazanılması və tətbiq edilməsində çətinliklərin müşahidə olunduğu nevro-bioloji bir pozuntudur. Bu pozuntu əqli gerilik, emosional pozuntu və mədəniyyət fərqliliyi ilə izah oluna bilməz. 

Öyrənmə pozuntusunun ümumi əlamətləri
Xüsusi öyrənmə çətinliyi olan uşaqlar bir-birlərindən çox fərqli simptomlara sahib ola bilərlər. Bunun səbəbi onların müxtəlif sahələrdə çətinlik yaşamalarıdır. Bu uşaqlardan biri oxuda çətinlik çəkdiyi halda, digərinin oxuma bacarıqlarının çox yaxşı inkişaf etdiyini, ancaq yazılı ifadədə çətinlik çəkdiyini görə bilərik. Lakin xüsusi öyrənmə çətinliyi olan uşaqların əksəriyyətində ən azı bir akademik sahədə çətinlik çəkmə, nitq problemləri və diqqət əskikliyi ilə hiperaktivlik pozuntusu müşahidə edildiyini demək olar. 

Aşağıda sadalanan əlamətlər xüsusi öyrənmə çətinliyinin ümumi əlamətləridir. Uşaq bu 
əlamətlərdən hamısını, ya da bir neçəsini sərgiləyə bilər:

- Yaşıdları ilə müqayisədə daha zəif akademik bacarıqlara sahib olmaq;

- Verilən təlimatları qavramaqda və yerinə yetirməkdə çətinlik;

- Sözləri yanlış tələffüz etmək (kitab yerinə “kibat” demək);

- Eşitmə və vizual qavrama, tanıma, xatırlama, sıralama bacarıqlarında, yaddaşda zəiflik;

- Fikirli olmaq, diqqəti cəmləməkdə çətinlik, yerində dura bilməmək;

- Kiçik və böyük motorika bacarıqlarında, əl-göz koordinasiyasında zəiflik: topu tuta bilməmək, köynəyinin düymələrini, ayaqqabılarının bağını bağlaya bilməmək və s. Bu bacarıqlardakı zəiflik onların özlərinin səliqəsiz görünmələrinə səbəb olur; 

- Oxu zamanı rəqəmlər və hərflərin bir-birinə qarışması. Rəqəm və hərfləri tanıya bilməmək;

- Zaman və məkan anlayışlarında qarışıqlıq yaşamaq. Məsələn, həftənin günlərini bilməmək, sabahla dünəni qarışdırmaq, “kitabı stolun yanına qoy” dedikdə üstünə qoyması, müstəvi üzərində çox qarışıq şəkildə yazı yazmaq, ya da şəkil çəkmək və s.;

- İmla yazmaqda çətinlik;

- Sadə riyazi tapşırıqları belə yerinə yetirməkdə çətinlik.

Növləri

Xüsusi öyrənmə çətinliyi 3 qrupa bölünür: disleksiya, disqrafiya, diskalkuliya.

Bir uşaqda bu növlərdən sadəcə birini, ya da eyni anda bir neçəsini müşahidə etmək olar. 

Disleksiya: Oxu qabiliyyətinin nisbətən pozulmasıdır. Dislektik uşaqlar hərflərin səsləri ilə yazılışlarını uyğunlaşdırmaqda çətinlik çəkirlər. 
Oxuyarkən hərfləri qarışdırır, söz içərisində hərf və yaxud hecanı adlayır, söz və hecaları tərs oxuyurlar. Sözləri hərf və hecalara ayıra bilmirlər. Disleksiya xüsusi öyrənmə çətinliyinin bir növü olmasına baxmayaraq, çox vaxt xüsusi öyrənmə çətinliyinin yerinə də işlədilir. Bunun səbəbi xüsusi öyrənmə çətinliyi yaşayan şəxslərin çoxunda disleksiya əlamətlərinin görünməsi ola bilər.

Disqrafiya: Yazını mənimsəmə qabiliyyətinin pozulmasıdır. Hərflərin optik-məkan şəkillərinin qeyri-sabitliyi, sözün səs-heca tərkibinin və cümlə quruluşunun təhrif olunması ilə müşayiət olunur. Bəziləri baxaraq yaza bilsələr də, imla tapşırığını 
yerinə yetirə bilmirlər. Hecalama, dil bilgisi və durğu işarələrində səhvlərə yol verirlər.

Kiçik motorika bacarıqları zəif olduğu üçün qələmdən düzgün istifadə edə bilmirlər. Nəticədə əl yazıları səliqəsiz və anlaşılmayan olur. Mövzuya uyğun olmayan söz seçimləri edir və çox az söz 
ehtiyatına sahibdirlər. Yazı yazdıqları zaman hərfləri adlayır, əlavə edir və qarışdırırlar. Məsələn, b-d, m-n, d-t və s. Sözləri və rəqəmləri aynadakı yansımaları kimi tərs yazırlar.

Diskalkuliya: Riyazi bilikləri qavrama və hesablama, simvolları tanıma, istifadə etmə və yazma zamanı müşahidə olunan pozuntudur. Bu uşaqlar rəqəm, böyük-kiçik, az-çox anlayışlarını qavramada, toplama-çıxma kimi sadə hesablamaları etməkdə, vurma cədvəlini əzbərləməkdə çətinlik çəkirlər. Hesablama edərkən həmişə barmaqlardan istifadə edirlər. Riyazi simvolları qarışdırırlar. Saatı öyrənmək və saat çəkərkən rəqəmləri dairənin içərisinə yerləşdirməkdə çətinlik çəkirlər. 

Xüsusi öyrənmə çətinliyi olan uşaqlara necə dəstək ola bilərsiniz?

- Öncə, səbirli davranmaq lazımdır. Uşaq tapşırıqlarını yerinə yetirərkən (oxuma, yazma, 
hesablama) digər uşaqlara nisbətən ona daha çox vaxt verin. Qəzəb əvəzinə diqqət və qayğınızı daha 
çox hiss etdirin. Başqaları ilə müqayisə etməyin. Bu uşaqlar tapşırıq edərkən çətinlik çəkdikləri və çox yorulduqları üçün dərslərdən yayınırlar. Onların daha çox motivasiyaya ehtiyacları vardır. Özlərinə
inamı artırmaq üçün hər dəfə tapşırıqlarını bitirdikdə onları təbrik edin, çox sevindiyinizi bildirin. Mükafatlardan da istifadə edə bilərsiniz. Bu, uşaqlarda “mən bacara bilirəm” düşüncəsini və öyrənmə istəyini artıracaq.

- Bu uşaqlar xüsusi istedada malik ola bilərlər. Onları kəşf etmək lazımdır. Uşağın öz  bacarıqlarından xəbərdar olması onu həvəsləndirəcək və özünəinam hissini artıracaq.

- Müəllim və valideyn daim ünsiyyətdə olmalı və əməkdaşlıq etməlidir.

- Uşaq üçün özünü rahat və təhlükəsiz hiss edəcəyi bir şərait yaradın. Bu uşaqlarda beyin 
seçici olaraq işıq, səs və yaxud başqa stimullara fokuslanır və uşaq diqqətini dərsə verə bilmir. Eyni 
zamanda, uşaq sinifdəki emosional təhdidlərdən də uzaq olmalıdır. Emosional təhdidlər daha çox 
uşağın səsli oxuduğu, ya da lövhədə misal həll etdiyi zaman sinif yoldaşlarının ona gülməsi, ələ salması ilə baş verir.

- Şagirdin effektiv öyrənmə prosesinə hazırlığı üçün vizual və fonoloji qavraması, yaddaş və diqqəti, motor, koordinasiya və sıralama bacarıqları inkişaf etdirilməlidir.

Hər bir insan öyrənmə zamanı fərqli qavrayış kanallarından (vizual, eşitmə və kinestetik) istifadə edir. Məsələn, bir şəxs informasiyanı vizual yolla (şəkillərlə, qrafiklərlə, görüntünü zehində canlandırma ilə), digəri isə səsli olaraq daha rahat öyrənə bilər. Dərslərdə oyunlar və fiziki fəaliyyətlər, vizual və audio vasitələrdən istifadə etmək uşaqların qavramasını asanlaşdıracaq. 

Ümumiyyətlə, qavrama üçün nə qədər çox kanal istifadə edilərsə, bir o qədər yaxşı olar. Unutmamaq lazımdır ki, hər bir uşaq öz öyrənmə tərzinə, güclü və zəif tərəflərinə görə öyrədilməlidir.

- Yazı tipi və arxa fona da diqqət etmək lazımdır. Dislektik uşaqların bir çoxu arxa fonun ağ olmasının onların oxumalarını çətinləşdirdiyini bildirirlər. Buna görə parlaq olmayan rəngli  kağızlardan istifadə etmək məsləhət görülür. Yazı rəngi və arxa fon arasındakı kontrast da bəzən onlar üçün önəmli ola bilər. Məsələn, qırmızı kağız üzərindəki mavi yazıları oxumaq çoxlarımız üçün çətin olduğu halda, dislektik uşaqlar üçün daha rahatdır.

- Uşağın hərf və rəqəmləri tam qavraya bilməsi üçün qələmlə yazmazdan əvvəl barmaqları ilə hərf və rəqəmlərin quruluşunu hiss etməsini və qavramasını təmin edin. Məsələn, əvvəlcə barmaqlarını hərfin üzərində gəzdirin. Daha sonra qum üzərində, havada həmin hərfi çəkməsini istəyin. Siz onun əlinin içinə, ya da qolunun üzərinə çəkdiyi hərfi yazın. Uşaq bu yolla hərf və rəqəmlərin görünüşünü, yazmağı daha yaxşı qavrayacaq.

Xüsusi öyrənmə çətinliyi ömür boyu davam edən nevro-bioloji bir pozuntudur, xəstəlik deyil və intellekt əlilliyi ilə qarışdırılmamalıdır. Uşağın xüsusi öyrənmə çətinliyinin olması onun heç bir şey öyrənə bilməyəcəyi mənasını vermir. Bu uşaqların müəllimlər, ailə və həkim tərəfindən vaxtında tanınması, diaqnoz qoyulub güclü və zəif tərəflərinə uyğun olaraq təlim proqramının tətbiq edilməsi və mənəvi dəstəyin verilməsi onların həyatını asanlaşdıracaq və daha böyük uğurlar əldə etmələrinə səbəb olacaq.

Cəmilə Həsənova

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı

Xəbər lenti