Logo

Gömrük Akademiyasında Şuşa ilinə həsr olunmuş tədbir keçirilib - FOTO

02.12.2022 19:02 430 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Şuşa ilinə həsr olunmuş “Bizim Şuşa-270” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. O, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsinin çox mütərəqqi bir addım olduğunu vurğulayıb. İşğaldan azad edilmiş torpaqlarımızın qorunmasında, yenidən dirçəldilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran Q. Novruzov tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını qeyd edib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən Akademiyanın rəis müavini Araz Aslanlı Şuşa şəhərinin Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığı qeyd edib. Şuşanın işğalı tarixindən söz açan A. Aslanlı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Şuşanı Qələbənin simvoluna çevirdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olduğunu vurğulayan natiq bu Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. Məruzəçi həmçinin Zəngəzur dəhlizinin vəd etdiyi gələcək perspektivlərdən, daşıyacağı mühüm missiyadan bəhs edərək sonda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Çıxışlardan sonra “Şuşa ili”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə Akademiyanın tələbələrinin ifasında Vətənimizə, Zəfərimizə dair bir-birindən maraqlı şeirlər səsləndirilib, milli – mənəvi dəyərlərimizi əks etdirən mahnılar və rəqslər ifa edilib.

Xəbər lenti