Logo

"YAP tarixi zərurətdən yaranaraq dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısına çevrildi"

02.12.2022 13:33 243 baxış
IMG

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün bir ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc olundu.

Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.Yeni Azərbaycan Partiyası xalqımızın milli nicatı, böyük qüdrət sahibi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin, demokratik prinsiplərin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması yönündə mühüm addımlar atdı. Partiyanın qısa vaxtda böyük nüfuz qazanması Heydər Əliyev şəxsiyyətinə, onun müdrikliyinə, dövlətçilik təcrübəsinə xalqın böyük etimadı nəticəsində reallığa çevrilmişdisə, həm də partiyanın sürətli inkişafında xalqa təmənnasız xidmət etmək, onu düçar olduğu fəlakətdən qurtarmaq yolunda mübarizə aparmaq niyyətləri, aydın ideologiyası və vəzifələri mühüm rol oynamışdı. Çünki YAP saf amallar üzərində qurulmuş bir partiyadır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev zəkasının, siyasi nüfuzunun, dühasının məhsuludur. Məhz elə Heydər Əliyev ziyası ilə pərvazlanan partiya ölkəmizdə qaynar siyasi həyatın aparıcı qüvvəsi olaraq bu gün də üzərinə götürdüyü tarixi missiyasını uğurla yerinə yetirir.

Yeri gəlmişkən, qeyd edək ki, bu il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bu barədə ətraflı danışıldı. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə çıxış edərək hakim partiyanın 30 illik fəaliyyətini, onun uğurlarını, əldə olunan nailiyyətləri bir daha təhlil edərək demişdir ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlərini yaşayırdı. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında görür və məhz buna görə də ulu öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur "91-lər" öz tarixi missiyalarının öhdəsindən şərəflə gəldilər.

Bəli, bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu.

Сənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedənbütün proseslərin mərkəzində olacaq”.

Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Xəbər lenti