Logo

NDU-da təhsil alan əcnəbi tələbələrin “Azərbaycan dilində bədii qiraət” müsabiqəsi keçirilib

02.12.2022 13:19 404 baxış
IMG

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin “Azərbaycan dilində bədii qiraət” müsabiqəsi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, əcnəbi tələbələrin təşkilatçılığı ilə bu cür mədəni tədbirlərin, konsertlərin, şeir müsabiqələrinin keçirilməsi artıq ənənə halını alıb. Ölkə üzrə əcnəbi tələbələrin sayına görə öncüllüyünü qoruyan ali təhsil ocağında xarici tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, universitetdə təhsil alan yerli tələbələrlə yanaşı əcnəbi tələbələrin də təhsil keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Elbrus İsayev ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbənin təhsillə bərabər, ictimai işlərdə, mədəni-kütləvi tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirərək, müsabiqənin işinə uğurlar arzulayıb.

Ümumi işlər üzrə prorektor Xəyal Camalov tədbir haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, tədbir xarici tələbələrə Azərbaycan dilinin mənimsədilməsi, onların bədii qiraətinin formalaşdırılması məqsədi daşıyır. Prorektor müsabiqənin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Universitetin Elmi kitabxanasının direktoru Fariz Əhmədov çıxışı zamanı tələbələrə uğurlar arzulayaraq, şeirlər səsləndirib.

Sonra tələbələrin bədii qiraəti dinlənilib.

Qeyd edək ki, ümumilikdə 20 iştirakçının qatıldığı müsabiqədə səhnə mədəniyyəti, tələffüz normaları, şeirlərin əzbər səsələndirilməsi, ifa tərzləri nəzərə alınmaqla iştirakçıların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Hazırlıq kursu tələbəsi İlqın Bekinqayanın aparıcılığı ilə baş tutan müsabiqədə Tibb ixtisası üzrə I kurs tələbəsi Ayçenur Çolak və hazırlıq kursu tələbəsi Parisa Safari I yerin sahibi olublar.

Stomatologiya ixtisası üzrə üzrə təhsil alan I kurs tələbəsi Barzan Güney və hazırlıq kursu tələbəsi Elif Kirtçai II, hazırlıq kursu tələbələri Hüseyn Kahraman və Amirreza Afrouz isə III yerə layiq görülüblər.

Müsabiqədən sonra Elbrus İsayev iştirakçılarla görüş keçirərək, onları təbrik edib, baş tutan müsabiqənin davamlılığını arzulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu çıxışı zamanı tələbələrin hər birinin bədii qiraətinin yüksək peşəkarlıq nümayiş etdirdiyini diqqətə çatdıraraq, onları təbrik edib.

Sonra tələbələrin xoş təəssüratları dinlənilib.

Sonda iştirakçılara diplomlar təqdim olunub.

Xəbər lenti