Logo

ADPU-da elmi-tədqiqat layihəsinin yekunlarına dair metodik vəsait hazırlanıb

02.12.2022 12:02 231 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi çərçivəsində Elmi-Tədqiqat Mərkəzinin “Mentorluq fəaliyyətinin tətbiqi nəticəsində təhsilin tədqiqata əsaslanan yeni məzmunda təşkili” (Filologiya fakültəsinin nümunəsi əsasında) mövzusu üzrə apardığı araşdırmanın nəticələrinin təqdimatı keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, araşdırmanın əsas məqsədi müəllimlərin praktik bacarıqlarının inkişaf etdirilməsi və tədrisdə tədqiqata əsaslanan təlimin təşkilinə istiqamətləndirilməsinə nail olmaqdır. Həmçinin qabaqcıl beynəlxalq təcrübənin və yeni təlim texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması əsasında tədris prosesinin təkmilləşdirilməsinə töhfə verməkdir.

Layihə çərçıvəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Türkiyənin Hacettepe və Qazi universitetlərində filologiya ixtisasları üzrə pedaqoji kadr hazırlığına dair və ADPU-nun Filologiya fakültəsində tədris üzrə mövcud vəziyyət təhlil edilib. Bu məqsədlə mərkəzin tədqiqatçıları Hacettepe və Qazi universitetlərində elmi ezamiyyətdə olub. Həmçinin Pedaqoji Universitetdə dəyirmi masalar təşkil edilib, tədris planları, fənn proqramları, sillabuslar, elmi-tədqiqat işləri araşdırılıb. Bundan əlavə, kafedralarda professor-müəllim heyətinin və tələbələrin fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirilib, mühazirə və seminar dərslərinin müşahidələri aparılıb. Türkiyənin təcrübəsi və yerli təcrübə müqayisəli şəkildə təhlil olunub. Ehtiyaclara dair nəticələr müəyyənləşdirilib və qiymətləndirilib. Pedaqojiyönümlü, tədqiqata əsaslanan və həyatla əlaqəlilik prinsipinə malik məzmunun tətbiq edilməsi məqsədilə professor-müəllim heyəti üçün təlimlər keçirilib. Layihənin yekunlarına dair metodik vəsait hazırlanıb.

Sonda rektor Cəfər Cəfərov tədqiqat işinin universitetdə keyfiyyət yenilənmələrinə dəstək baxımından əhəmiyyətini vurğulayaraq, bu kimi tədqiqatların bütün strukturlarda sistemli şəkildə aparılmasını tövsiyə edib. Rektor beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə tədrisdə təkmilləşdirmə işlərinin vacibliyini qeyd edib.

Xəbər lenti