Logo

Ekspert: "Emin Əmrullayevin bu qərarı kifayət qədər yaxşı addım idi"

02.12.2022 09:23 520 baxış
IMG

"Azərbaycanda dünyada populyar olan dilinin həm tədrisinin, həm də digər bölmələr üzrə təhsil almaq imkanlarına kifayət qədər yer verilib".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin fikirlərinə görə, Azərbaycan öz ərazisində bütün etnik azlıqların öz ana dilində təhsil almasına şərait yaradıb: "Tolerantlıq təhsil sistemində tam şəkildə gözlənilir. Biz buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə, eyni zamanda fərqli dillərdə təhsil alanların, xüsusilə rus bölməsi üzrə təhsil alanların "Dövlət dili haqqında" Qanunun tələblərinə uyğun olaraq Azərbaycan dili fənnindən verdiyi imtahan nəticələrinin təhlilinə nəzər salsaq, bir çox məqamlar ortaya çıxır. Misal üçün, çox təəssüf ki, tədrisin digər dillərdə aparıldığı bölmələrdə, xüsusilə rus bölməsində şagirdlərin Azərbaycan dilində bilgisi aşağı səviyyədədir. İstər 9-cu sinifdə, istər 11-ci sinifdə DİM tərəfindən keçirilən Azərbaycan dili imtahanının nəticələrini təhlil edərkən görürük ki, rus bölməsi üzrə şagirdlərin oxumağı, yazmağı, dinləməyi, anlamağı aşağı səviyyədədir. Hətta 2021-ci ildə DİM rus bölməsinin abituriyentləri və şagirdləri üçün bu imtahanı 3 dəfə keçirdi. Azərbaycan tarixində belə hal olmamışdı. Çünki yaxşı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər az idi. Hətta biz DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, rus bölməsi üzrə yüksək bal toplamasına baxmayaraq həmin şəxslərin Azərbaycan dilindən imtahan nəticələri çox aşağıdır. Məqbul qiymətlər ala bilmirlər. Halbuki DİM kifayət qədər sayda suallar təqdim edir və burada imtahan iştirakçılarının birmənalı şəkildə minimum bilikləri yoxlanılır. Onlardan yüksək akademik göstəricilər tələb olunmur".

Kamran Əsədov bildirib ki, amma çox təəssüflər olsun ki, rus bölməsində oxuyanların Azərbaycan dilində bilikləri o qədər də yüksək olmur: "Buna qədər rus bölməsində təhsil alanlar üçün həftədə iki dəfə Azərbaycan dili fənni tədris olunurdu. Amma etiraf edək ki, bu yetərli olmurdu. Elm və təhsil naziri Emin Əmrullayevin birinci qərarı ilə rus bölməsində təhsil alan şagirdlərin ana dilindən tədrisi 2 saatdan 3 saata qaldırılıb. Bu kifayət qədər yaxşı addım idi".

Xəbər lenti