Logo

Budurmu müsəlman təəssübkeşliyi?

02.12.2022 09:07 403 baxış
IMG

"İranın Qarabağa diversiya qrupu göndərməsi bu ölkənin Azərbaycana qarşı riyakarlığının və düşmənçiliyinin növbəti təzahürüdür".

Bunu "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib 

O bildirib ki, İran rəsmiləri bir tərəfdən Azərbaycanın İranın ürəyi olduğunu israrla bildirir, digər tərəfdən Ermənistana hər cür dəstəklərini davam etdirirlər: "Azərbaycan daima İranla münasibətləri qorumağa çalışdı. İran isə hər zaman Ermənistanın yanında olmağı, ona dəstək verməyi üstün tutdu. İranın Qarabağa diversiya qrupu göndərməsi özünün müsəlman ölkəsi olduğunu iddia edən İranın qeyri-müsəlman ölkəsi Ermənistanı müsəlman Azərbaycanlıları qətlə yetirməyə hazırladığını göstərir. İran bu gün dünyanın bir çox yerlərində həyata keçirdiyi siyasəti bölgəmizdə də həyata keçirməyə çalışır. Budurmu müsəlman təəssübkeşliyi?"

Millət vəkili qeyd edib ki, İranın əvvəlki addımları və müsəlmanları qətlə yetirmək üçün Qarabağa diversiya qrupu göndərməsi bir daha göstərir ki, İranın İslamın adından, İslam təəssübkeşliyindən danışmağa heç bir mənəvi haqqı yoxdur: "Bütün bunlardan ölkəmizdəki İran təəssübkeşləri də ciddi nəticə çıxarmalıdırlar. İran bizə qarşı heç zaman səmimi olmayıb. Son baş verən hadisələr bir daha bunu təsdiq edir. Əgər İran səmimi olsa idi Ermənistanın yox müsəlman Azərbaycanın yanında olardı".

C.Məmmədov vurğulayıb ki, biz dinimizi sevirik, hər zaman da sevəcəyik: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı İslama, müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir və hər zaman verəcək. Onu da qeyd edək ki, əgər İran rəsmiləri bu çirkin addımlarla Azərbaycanın bölgədə yaratdığı yeni reallığı dəyişə biləcəklərini düşünürlərsə, yanılırlar. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir".

Mərcanə Əsədova

Xəbər lenti