Logo

Rezidentlər üçün növbəti seminar keçirilib

02.12.2022 00:31 322 baxış
IMG

Noyabrın 30-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov ənənəvi seminarların tibbin bütün sahələrini əhatə etdiyini, bu dəfə “Xroniki ürək çatışmazlığı” mövzusunda mühazirənin dinləniləcəyini diqqətə çatdırıb. O, tanınmış mütəxəssis, təcrübəli həkim Yasmin Rüstəmovanın bu sahəyə dair maraqlı fikirlərindən rezidentlərin kifayət qədər faydalanacağına əminliyini bildirib. Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova daim rezidentlərin yanında olan, eyni zamanda kolleqalarından, xəstələrindən köməyini əsirgəməyən Yasmin xanıma uğurlar arzulayıb və rezidentləri bu fürsətdən yararlanmağa çağırıb.

Bundan sonra mühazirəsini slaydlarla təqdim edən ATU-nun I Daxili xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu Yasmin Rüstəmova ilk növbədə niyə məhz adıçəkilən mövzunu seçməsinə aydınlıq gətirib. O həm Amerika, həm də Avropa kardioloqlar cəmiyyətlərinin təsvirlərindən müqayisəli sitat gətirərək qeyd edib ki, ürək çatışmazlığı simptom və hər hansı əlamətlər olan struktur və ya funksional pozulmalar nəticəsində yaranan mədəciklərin doldurulması və ya qanın boşaldılmasının pozulması ilə əlaqədar kompleks bir klinik sindromdur. Əvvəllər düşünülürdü ki, xroniki ürək çatışmazlığı birbaşa ürəklə əlaqəli bir xəstəlikdir. Əslində isə bu sindrom bir neçə simptomun, hətta bir neçə orqanın xəstəliyi nəticəsində əmələ gəlir. 

Həkim diqqəti ürək çatışmazlığının etiologiyasına yönəldərək ürək funksiyasının zəifləməsinin əsas səbəblərindən danışıb. Bildirib ki, hipertoniya zamanı damar rezistentliyinin artması və ya qulaqcıq səyriməsi tipli taxiaritmiyaların inkişafı ürək çatışmazlığına səbəb olur. Ürəyin işemik xəstəliyi isə miokardın zədələnməsinin ən əsas səbəbidir.

Məruzədə ürək çatışmazlığının muasir təsnifatına, müasir diaqnostik üsullarına və müalicə prinsiplərinə geniş yer ayrılıb. Həmçinin hazırda ən çox rast gəlinən ürək-damar problemlərinə, xroniki ürək çatışmazlığına səbəb olan digər faktorlara toxunulub.

Ürək-damar sisteminin diaqnostikası üzrə İtaliyada master dərəcəsi alaraq 2012-ci ildən etibarən Azərbaycanda ürək maqnit rezonans tomoqrafiyası üzrə ilk mütəxəssis kimi fəaliyyət göstərən Yasmin Rüstəmova bu sahəyə dair təcrübəsini də rezidentlərlə bölüşüb.

Seminarda rezidentlərin mövzuya dair çoxsaylı sualları da cavablandırılıb.

Xəbər lenti