Logo

Tokio məktəbində Azərbaycanın təqdimatı maraqla qarşılanıb

01.12.2022 14:28 256 baxış
IMG

Yaponiyanın paytaxtı Tokioda yerləşən “Hosui” ibtidai məktəbində Azərbaycan haqqında təqdimat keçirilib. 

Tehsil.biz xəbər verir ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə baş tutan tədbirdə məktəbin müəllim heyəti və yüzdən çox şagird iştirak edib.

Tədbiri giriş sözü ilə açan “CMC” təşkilatının əlaqələndiricisi Miçiko Syuda bildirib ki, son illər Azərbaycan Yaponiyada çox tanınır, çünki qısa müddətdə əldə etdiyi uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini özünə cəlb edib. Bu səbəbdən məktəblilərin Yaponiyada yaşayan azərbaycanlılarla görüşünün keçirilməsi qərara alınıb. 

Azərbaycanlı qonaqları təqdim edən M.Syuda qeyd edib ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər artıq 40 ildən çoxdur Tokioda yaşayır və elektronika sahəsində çalışan mütəxəssis kimi təkcə Yaponiyada deyil, dünyanın digər ölkələrində də tanınır.

Azərbaycan haqqında geniş təqdimatla çıxış edən X.Kələntər ölkəmizin qədim tarixi, coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti, karbohidrogen ehtiyatları, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri, yapon şirkətlərinin bu layihələrdə yaxından iştirak etdiyi, turizm potensialı, müstəqilliyin bərpasından sonra dövlətimizin əldə etdiyi nailiyyətlər, 2020-ci ilin payızında baş verən və Azərbaycanın parlaq Zəfəri ilə nəticələnən Vətən müharibəsindən sonra Qarabağda aparılan böyük abadlıq və quruculuq işləri, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.

Azərbaycanın multikultural və tolerant ölkə kimi bütün dünyada tanındığı, müstəqilliyin bərpasından sonra ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə xüsusi diqqət yetirdikləri nəzərə çatdırılıb. 

İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramı Azərbaycanla Yaponiya arasında regionlararası əməkdaşlığın inkişafına nümunə kimi göstərilib. 

Yaponiyada yaşayan Dilarə Qazıyeva Bakıda məzunu olduğu Avropa Liseyindəki tədris prosesindən, lisey şagirdlərinin yapon dilinə maraq göstərmələrindən danışıb. Liseyin IV sinif şagirdi Leyla Əliyevanın yapon məktəblilərinə ünvanladığı videomüraciət alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində Dilarə Qazıyeva və Tayqa Nozakinin ifa etdiyi Azərbaycan milli rəqsləri təqdim edilib. Məktəb şagirdləri qonaqlar üçün hazırladıqları mahnını ifa ediblər. Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şeiri Azərbaycan və yapon dillərində səsləndirilib. 

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb. 

Xəbər lenti