Logo

Bakıda məktəb direktorları ilə görüş keçirilib - FOTO

01.12.2022 12:04 126 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan İdarə müdiri təhsil sahəsində aparılan islahatlardan, 2022-ci ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda irəli sürülən məsələlərin icrası vəziyyətindən bəhs edib və qarşıda duran hədəflər barədə məlumat verib.

İdarə müdiri Mehriban Vəliyeva məktəblərdə aparılmış monitorinqlər, qiymətləndirmə, şagirdlərin davamiyyəti, kargüzarlıq, psixoloji mühitin yaxşılaşdırılması, məktəb infrastrukturundan səmərəli istifadə, istilik təminatı və digər məsələlərlə bağlı fikirlərini səsləndirib.

M.Vəliyeva direktorlara işlərinə daha məsuliyyətlə yanaşmağı, fəaliyyətdə nəticəyönümlülüyü əsas götüməyi tövsiyə edib, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

BŞTİ müdiri qeyd edib ki, həllini gözləyən məsələlər birgə səylərin artırılmasını və çağırışlara çevik münasibət göstərilməsini zərurətə çevirib. İdarə müdiri, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin, həmçinin idarəetmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev məktəblərdə monitorinqlərin təşkili, tədris prosesinin müvafiq tələblərə uyğun qurulması ilə bağlı fikirlərini bildirib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Xəbər lenti