Logo

Məktəblərdə dərslər gec saatlarda başlaya bilər? - AÇIQLAMA

30.11.2022 19:00 1747 baxış
IMG

"Bakıdakı təhsil müəssisələrində dərslərin gec, yəni 09:00-10:00 saatlarında başlaması sıxlığın qarşısını almayacaq, əksinə, bu utopik düşüncə şəhərdə sıxlığın daha da artması deməkdir".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndiyev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində və ətrafında sıxlığı aradan qaldırmaq üçün regionlarda təcili iş yerləri açmaq lazımdır:

"İnsanlar yüksək əməkhaqqı ilə məhz həmin iş yerlərində çalışmalıdır. Onların həyat, yaşam şəraitlərini yaxşılaşdırmalıyıq. Bununla paralel bir neçə nazirlik, dövlət qurumları da Bakıdan kənara, məsələn, Sumqayıt şəhərinə, Şamaxıya və s. köçürülməlidir".

Ekspert bildirib ki, regionlarda iş yoxdur, əhali bir tikə çörək üçün məcburdur ki, Bakıya üz tutsun:

"Nəticədə sıxlıq dözülməz həddə çatıb. Əslində belə olmamalıdır, çünki normal şəhərlərdə böyümə nəzərə alınaraq infrastruktur, planlama düzgün aparılır. Bizdə isə əksinə olduğu üçün mövcud reallıqla üz-üzə qalmışıq. Madrid, Mexiko, Barselona və s. kimi şəhərlərdə əhali Bakıdan daha çoxdur, amma sıxlıq hiss olunmur".

Xəbər lenti