Logo

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub - FOTOLAR

30.11.2022 16:32 227 baxış
IMG

Noyabrın 30-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Elm və təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və  respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Ümumilikdə 4500-dək təhsil işçisinin müstəqillik illərində dövlət təltiflərinə layiq görüldüyünü xatırladan nazir bu təltiflərin müəllim əməyinə verilən ən yüksək dəyər olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını bildirib. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası, bilik və bacarıqlarına görə müəllimlərin əməkhaqqının diferensiallaşması istiqamətində görülən işlərdən də danışıb.

Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda  təhsil işçilərinə dövlət təltifləri təqdim olunub.

Xəbər lenti