Logo

BDU tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasının iş təcrübəsi ilə tanış olublar

30.11.2022 15:38 310 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş təcrübəsi ilə tanış olublar.

Tehsil.biz xəbər verir ki, kitabxananın direktoru, professor Məmməd Əliyev MEK-in tarixi, strukturu, müasir dövrdəki fəaliyyəti, sənəd dövriyyəsi, kitab fondu və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumat verib. O vurğulayıb ki, kitabxananın yeni binası Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib. Kitabxana ən müasir avadanlıqlarla təchiz olunub, ötən dövr ərzində qurumun kadr potensialı inkişaf etdirilib. Tələbələr təcrübə zamanı kitabxananın şöbələri, həmçinin ənənəvi və elektron kataloqu ilə tanış olublar, burada həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə informasiyalar onların diqqətinə çatdırılıb. Kitabxanada yeni yaradılmış Qarabağ Qəhrəmanları Fondu ilə tanışlıq təcrübə iştirakçılarında böyük təəssürat yaradıb.

Görüş zamanı tələbələrin sualları MEK-in mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov kitabxananın rəhbərliyinə yaradılmış şəraitə, tələbələrə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Xəbər lenti