Logo

Xaricdə tibb təhsili alanların diplomlarının tanınması üçün imtahana qeydiyyat müddəti uzadılıb

30.11.2022 14:49 138 baxış
IMG

Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərə müraciət edib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanda iştirak üçün ərizələrinin qəbul müddəti 07.12.2022-ci il tarixinədək uzadılır.

Qeyd edək ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.

Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.

Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının (bundan sonra – Komissiya) 06.10.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün MDB ölkələri və Ukrayna Respublikasında klinik ordinatura təhsili almış şəxslərin (bundan sonra – müvafiq şəxslər) bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanda iştirakı məqsədəmüvafiq hesab edilib.

Bununla yanaşı, internatura proqramlarının müddəti, məzmunu, eləcə də nəzəri təlim və təcrübə hissələrinin rezidentura təhsil proqramlarından kəskin fərqlənməsi ilə əlaqədar internatura hazırlığı keçmiş şəxslərin imtahana buraxılmaması barədə qərar qəbul edilib. Komissiya internatura təhsili almış şəxslərə həmin hazırlıq əsasında əldə etdikləri ixtisaslar üzrə Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün qanunvericiliyə uyğun olaraq rezidentura səviyyəsində təhsil almalarını tövsiyə edib.

İmtahanda iştirak etmək üçün müvafiq şəxslər Səhiyyə Nazirliyinin rəsmi internet saytının (www.health.gov.az) “Elektron Səhiyyə xidmətləri” bölməsində “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə 11.11.2022-ci il tarixindən 01.12.2022-ci il tarixinədək sənədlərini təqdim etməli və “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməli idilər. Lakin ərizə qəbulu 07.12.2022-ci ilə qədər uzadılıb.

İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sual topluları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür.

Anesteziologiya-reanimatologiya

Daxili xəstəliklər

Dermatovenerologiya

Kardiologiya

Qastroenterologiya

Mamalıq-ginekologiya

Nevrologiya

Neyrocərrahiyyə

Oftalmologiya

Onkologiya

Ortodontiya

Otorinolarinqologiya

Pediatriya

Plastik cərrahiyyə

Travmatologiya-ortopediya

Urologiya

Ümumi cərrahiyyə

Ürək damar cərrahiyyəsi

Şua diaqnostikası

Psixiatriya

Neonatologiya

Endokrinologiya

İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq. İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq.

İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək.

Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Saytı izləmək tövsiyə olunur.

Qeyd olunan tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir.

Xəbər lenti