Logo

Cümhuriyyət əqidəli adam

30.11.2022 11:46 514 baxış
IMG

Bu dünyanın özü haqdan doğan kitabdır. Haqqın kitabını Azərbaycan fəlsəfi fikir tarixində öz dəsti-xətti ilə seçilən söz nəhənglərindən çəkəcəyimiz misralarla vərəqləyəcəyik. 

Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərindəki parçanı gözdən keçirək:

Haqqın nurundandır, bil, cümlə cahan,
Haqq onda peydadır, həm də ki pünhan.

Məhəmməd Füzulinin qəzəlindəki beytə nəzər salaq:

Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.

İmadəddin Nəsiminin qəzəlindəki iki misrada oxuyuruq:

Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,
Həq bilir xəlqi-cahanın sirrini, həm faşını.

Qəzəl parçalarından aşikardır ki, hər üç fikir adamı, söz nəhəngi haqqa sığınır... Onları bir-birindən bir əsr ayırsa da, ancaq eyni amal və əqidə birləşdirir.

Günəşə zərrə, çırağa şölə, şama işıq olanlar haqqın nuruna, Yaradanın ədalətinə, görülən işin halallığına tapınar.

Barəsində danışacağımız ziyalı da əməyi və əməli, elmi və helmi, gənc yaşlarından tutduğu mövqeyi ilə ziyalılaşan yüksək əxlaq, dərin bilik sahibidir. Onun hardasa beş cümləlik "İki P.S." adlı qısa hekayəsi var. Burada maddiyyat və mənəviyyat qarşı-qarşıya gəlir. Məna yükü dərin olan hekayə beş günlük dünyaya aldanmayıb mənəviyyatın beşiyi başında duranlar üçün qiymətsizdir... Çünki müəllifin özü də mənəviyyat adamıdır. Qərənfil Dünyaminqızının təbirincə desək, o, "Sözü ilə Vətənə ibadət edən adam" – Filologiya elmləri doktoru Abid Tahirlidir.

Əbəs yerə deyildi ki, isminin anlamı da "İbadət edən" mənasındadır. O, mühacirət publisistikasını tədqiq edən jurnalist, vətəndaş kimi göstərdiyi fədakarlığı birmənalı şəkildə ibadətlə təndir. Məhəmməd peyğəmbərin hədisində oxuyuruq: "Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir". 

Abid Tahirli həm də pedaqoji fəaliyyətlə məşğuldur. Ötən il Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Jk-010A qrupuna "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası" fənnini tədris etdi. Dərslərin mühazirəsi onlayn, seminarı əyani şəkildə baş tutdu. Hər iki formada dəyişməyən bir məqam oldu: Abid Tahirlinin dərs saatından xeyli qabaq auditoriyada tələbələri gözləməsi, tədris etdiyi fənnə şövqlə yanaşması, rəsmi danışıq dili və geyimi, sadəliyi, təvazökarlığı, xoşxasiyyətliliyi...

Qrup olaraq müəllimimizə "Cümhuriyyət əqidəli adam" deyirdik. Bu heç də təsadüfi deyildi.

Beləki Abid Tahirli hələ Sovetin qılıncının kəsdiyi bir zamanda "Vətən" cəmiyyətinin "Odlar yurdu" qəzetində çalışdı, daha doğrusu hakim rejimə qarşı savaşdı. Alimin fədakarlığı bizə Cümhuriyyət dağıldıqdan sonra istila rejiminə qarşı mübarizə aparan Əhməd bəy Ağaoğlunun, Mirzə Bala Məmmədzadənin, Əli bəy Hüseynzadənin, Ceyhun Hacıbəylinin və bir çox Vətən təəssübkeşinin mübarizəsini xatırladır. Bir fərq onda idi ki, qurucu babalarımız Sovetin ilk illərində, Abid Tahirli mübarizəsi isə rejimin sonlarına təsadüf edirdi. 

"Ot kökü üstə bitər" deyiblər. Türkləri birliyə, maarifə çağıran, Misirdə dünya müsəlmanlarının qurultayını təşkil edərək onları vəhdət halında görmək istəyən İsmayıl Qaspıralının mübarizəsi sanki yenidən alovlanmışdı. Abid Tahirli "Avropa və Amerika ilə əlaqələr" şöbəsinə rəhbərlik edərək milli ruhla, əzmlə sələflərinin haqq mübarizəsini davam etdirirdi. 

Elm adamlarından biri deyirdi: "Tarixi hadisələrin təməli durğunluq illərində qoyulur". Bu mənada Abid Tahirlinin yaradıcılığını tarixi hadisə kimi də dəyərləndirmək olar. Çünki alimin zəngin yaradıcılıq fəaliyyəti tarixin müxtəlif dövrlərinə təsadüf edir. 

Ədəbi realizimin əsas simalarından olan ingilis yazıçı Henri Ceymsin maraqlı bir fikri var: "Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın". Məsələyə bu istiqamətdən yanaşanda aydın görünür ki, Abid Tahirlinin esselərində, məqalə və yazılarında bədii dil, bədii detal yüksək keyfiyyəti ilə seçilməklə yanaşı, həmçinin oxucu həyatın canlı materialını, real həyat həqiqətini, tarixin faktla zəngin gerçəkliyini də hiss edir, obrazlı desək, yaşayır... 

Abid Tahirli hər zaman erməni-müsəlman davasının tarixi dərinliyini, bugünə qədər davam edən düşmən xəyanətinin ən incə məqamlarını öz yazılarında, araşdırmalarında işıqlandırıb. Həssas, ağrılı və olduqca vacib məsələ alimin jurnalist fəaliyyətində, Vətəndaş missiyasında ən önəmli məqam kimi hər zaman qabardılır: "Baninin taleyində və qələmində erməni vəhşiliyi", "Mart qırğınlarına "Yeni Qafqasya" dərgisinin baxışı", " Erməni əsgərinin anasına və və bütün erməni qadınlarına", "Biz və ermənilər"... 

Görkəmli alimin "Əhməd bəy Ağaoğlunun epistolyar irsi" başlıqlı araşdırması dövrün, zamanın istər tarixi baxımdan öyrənilməsində, istərsə də regionda, dünyada baş verən hadisələri geniş şəkildə götürsək özündə ehtiva edir. O dövrdə bütün Azərbaycanın erməni-daşnak-bolşevik tör-töküntülərindən azad edilməsində (kursiv bizimdir – Q.Dünyaminqızı, Ə.İsmayılov) ən çox xidməti hərbi və elmi ideoloq Əhməd bəy Ağaoğlu göstərmişdi. Onun tarixi xidmətlərinin dərin araşdırılmasına olduqca böyük zərurət var. Təsadüfi deyildi ki, Türkiyə hökuməti Əhməd bəy Ağaoğlunun hərbi, siyasi və elmi biliyinə, həmçinin ləyaqətinə, şəxsiyyətinə inanır, böyük etimad göstərirdi. Həmin dövrdə Azərbaycanı təmsil edən Əhməd bəy Ağaoğlu nümunəsi çox az idi, bəlkə də yox dərəcəsində.

Yazının sonunda əvvəl dediklərimizi genişləndirərək təkrar edirik:

"Haqqın nurundandır, cümlə, cahan" – deyən Mahmud Şəbüstəri.

"Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida" – deyən Füzuli.

"Həq bilir xəlqi-cahanın sirrini, həm faşını" – deyən Nəsimi.

"Cənabi-Haqqın inayəti çətin günlərdə yetişir" – deyən İsmayıl Qaspıralı. 

"Bu bizik: Həqiqət və doğru" – deyən Abid Tahirli.

"Bizim işimiz haqq işidir, biz zəfər çalacağıq" – deyən Azərbaycan Respublikası prezidenti İlham Əliyev.

Görünən odur ki, türk insanı hər zaman haqqa sığınıb, haqla qoşa addımlayıb. Haqqı Yaradanda görüb.

Haqqın kərəminə şükür... Noyabr haqq dilində danışan Azərbaycanın tarixi qismətinə qələbəli, zəfərli günlərlə yazılıb. 9 noyabr – Dövlət Bayrağı Günü, 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü, 17 noyabr – Milli Dirçəliş Günü, 2020-ci il 8 noyabr – Şuşanın azadlığı günüdür. Tarixin tarixi 10 noyabrı – azad olunmuş Vətən torpaqlarında zəfər çırağının yandığı gündür. Atalar demişkən: "Bir çıraq ki haqdan yana, yağı neylər, yağı neylər?!"

30 noyabr – haqqı özünə yoldaş bilən Abid Tahirlinin doğum günüdür. İsmayıl Qaspıralı, Ceyhun Hacıbəyli və digər Vətən sevdalılarının gizli qalan arxivini araşdıran, toplayıb kitab halına salan alimin zəfərli ayda dünyaya gəlişini sidq ürəkdən təbrik edirik.

Qərənfil Dünyaminqızı - Filologiya üzrə fəlsəfə doktoru

Əsgər İsmayılov - BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti