Logo

MDU və “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOLAR

28.11.2022 19:40 265 baxış
IMG

Noyabrın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bakı şəhəri Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən və “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, ziyarət çərçivəsində Ş.Bayramov Birliyin sədri Aytən Eynalova və həmtəsisçisi Həzi Eynalovun müşayiəti ilə Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Mərkəz xüsusi qayğıya ehtiyacı olan insanlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Mərkəzdə autizm spektr pozuntulu şəxslərə zəruri ünsiyyət və həyat bacarıqları aşılamaq, onları müstəqil həyata hazırlamaq üçün bütün zəruri imkanlar mövcuddur. Mərkəzin fəaliyyətinin Prinston Uşaq İnkişaf İnstitunun ABA (Applied Behavior Analysis – Tətbiqi Davranış Analizi) təlim metodikasına əsaslandığını qeyd edən A.Eynalova təqdim olunan dəstək proqramları haqqında əyani məlumat verib.

Sonra təlim prosesi izlənilib, uşaqların intensiv terapiya alması, təlim-tərbiyəsi, təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şəraitlə təmin edilmiş otaqlara və zallara baxış keçirilib, autizmli gənclərlə səmimi söhbət aparılıb və onların ifasında musiqilər dinlənilib.

MDU və “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığın potensial istiqamətləri müzakirə edildikdən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, qısa, orta və uzunmüddətli perspektivdə həyata keçiriləcək birgə fəaliyyətlər razılaşdırılıb. Anlaşma Memorandumu müvafiq sahədə bilik və bacarıqların artırılmasına hədəflənən birgə təlimlər, seminarlar, vebinarlar və  maarifləndirici tədbirlərin keçirilməsi, gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlayan tələbələr üçün müxtəlif könüllülük və təcrübə proqramlarının təşkili, uyğun istiqamətlərdə universitetdə tədqiqatların aparılmasının təşviqi, dərəcə proqramlarının təşkili, müvafiq dərs vəsaitlərinin hazırlanması və tərcüməsi üzrə birgə səylərin göstərilməsi və digər sahələrdə əməkdaşlığı ehtiva edir. 

Qeyd edək ki, cəmiyyətə faydalı sosial xidmətlər göstərməyi əsas missiyalarından biri kimi müəyyən edən MDU regionda həyata keçirilən müxtəlif sosialyönümlü layihələrdə fəal iştiraka və bununla bağlı tərəfdaşlıqlara xüsusi önəm verir.

Xəbər lenti