"İbtidai siniflərdən yuxarı siniflərə gələn şagirdlərin bir qismində dinləyib-yazma, oxuyub-anlama, hətta dinləyib-anlama bacarıqlarının olmaması müşahidə edilir".
Tehsil.biz xəbər verir ki, bu barədə Rabil Abdinov feysbukda yazıb.
R.Abdinov qeyd edib ki, həmin şagirdlər 10-a qədər ədədlər arasında şifahi vurma, 100-ə qədər ədədlər arasında şifahi bölmə, yazılı sütunlu vurma və yazılı çubuqlu bölmə əməllərində belə çətinlik çəkirlər:
"Şagirdlərin əksəriyyətində sürətli yazı və oxu vərdişləri də yoxdur. Normal oxuyan uşaqlarda belə hüsnxətt, hərf və rəqəmləri doğru yazmaq bacarıqları yoxdur. Şagirdlər ədədi ifadələrin daxil olduğu çalışmaları həll edən zaman sətirdən-sətirə keçmə, riyazi işarələrin düzgün yazılışını belə yaxşı bilmirlər. Toplama, çıxma, vurma və bölmə əməllərinin iştirak etdiyi mötərizəli ədədi ifadələrin hesablanmasında əməllər sırası və həll metodları belə şagirdlər tərəfindən düzgün icra edilmir".
R.Abdinov bildirib ki, bütün bunlar ibtidai sinif müəllimlərinin dil və riyaziyyatdan özlərinin orta məktəb səviyyəsində biliklərinin olmaması ilə bağlıdır:
"Lakin müəllimin 5 il ərzində yazmağı və oxumağı, vurma cədvəlini və belə şagirdə öyrədə bilməməsi faciədir. Belə şagirdə digər fənləri və mövzuları tədris etməkdənsə, bu elementar bilgiləri ona öyrətməyən müəllimə adam bilmir nə desin. Məktəb rəhbərliyinin 5 il ərzində bu cür şagirdləri aşkarlamaması və müəllimin qarşısına vəzifə qoymaması isə vicdansızlıqdır. Şagirdin məktəbə gəlib yazıb-oxumağı və hesablamağı bacarmaması ona qarşı mədəni genosiddir. Sonradan fənn müəllimlərinin onlar üzərində işləməsi də mümükünsüz bir hala dönür. Məktəblərdə hüzn və anım günlərini qeyd etməkdənsə, bu cür halların matəm kimi qeyd edilməsi daha yaxşıdır".