Logo

BDU-nun Qazax filialında “Şuşa – dünən, bu gün, sabah” mövzusunda elmi konfrans keçirilib

27.11.2022 09:52 318 baxış
IMG

Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şuşa – dünən, bu gün, sabah” mövzusunda respublika elmi konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU-nun Qazax filialında keçirilən konfransda AMEA Gəncə bölməsinin, Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, universitetin Quba, Cəlilabad, Ağcabədi filiallarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri, BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti iştirak ediblər.

Konfrans öz işinə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Şuşanın 270 illiyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov konfransa 13 müxtəlif elmi-tədqiqat mərkəzi və ali təhsil müəssisəsindən 133 elmi-tədqiqat işinin və məqalənin təqdim olunduğunu bildirib. Təqdim olunmuş elmi işlərin gələcəkdə kitab şəklində çap ediləcəyini deyən direktor həmin toplunun gənc tədqiqatçılar, tələbə və magistrantlara faydalı olacağını söyləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Qələbə qazandığını, Şuşanın azad olunması ilə 8 noyabr tarixinin xalqımızın yaddaşına Zəfər Günü kimi yazıldığını bildirib. O, həmçinin dövlətimizin başçısının imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” 2021-ci il 7 may tarixli, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli sərəncamların əhəmiyyətindən söz açıb.

Konfransda BDU Qazax filialından dosent İmaş Hacıyev, baş müəllim Ülviyyə Bayramova, AMEA Gəncə bölməsinin böyük elmi işçisi Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə, Azərbaycan Aqrar Universitetinin dosenti Elvin Abbasov və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Elvira Əfəndiyeva müxtəlif mövzularda çıxış ediblər.

Tədbir öz işini “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri” və “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzularında bölmə iclasları ilə davam etdirib.

Xəbər lenti