Logo

"Rus dilində bir kəlmə də bilməyən yüzlərlə yüksək vəzifəlilərin adını çəkmək olar"

26.11.2022 14:37 530 baxış
IMG

"Yaşlı və orta nəslin bir çox nümayəndələri bilməmiş deyillər ki, bir vaxtlar rus dili əslində ikinci ana dili sayılır və orta ümumtəhsil məktəblərində II sinifdən tədris olunurdu. Elmi və kütləvi ədəbiyyatlar əsasən rus dilində idi. Təkcə ötən əsrin 70-ci illərində yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. İndi isə sadəcə vəziyyət dəyişib, rus dilini ingilis dili əvəz edib. Ümumiyyətlə, dil bilməyin əhəmiyyətini danmaq istənilən halda ədalətsizlik olardı. Dil, bir növ dünyaya çıxış qapısıdır və çox dil bilməyin xeyrindən başqa ziyanından danışmağına belə dəyməz, xüsusilə də elm sahəsi ilə məşğul olanlar üçün”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, elmlə məşğul olanlar öz tədqiqatlarının nəticələrini əsasən xarici dildə, xüsusilə də ingilis dilində nəşr olunan nüfuzlu jurnallar vasitəsi ilə dünyaya tanıda və universitetlərimizin beynəlxalq reytinqlərdə nəzərə çarpacaq dərəcədə irəliləyişinə nail ola bilərlər:

“Digər tərəfdən, dünyanın bir çox korifeyləri öz doğma dillərindən başqa heç bir xarici dil bilmədən. öz elmi kəşfləri ilə bəşəriyyətə misilsiz töhfələr verib, dünyanın təkərini dəyişiblər. Bu baxımdan Nazirin “yaxşı nəticələr əldə etmək istəyiriksə, istedadlı, elmə marağı olan və bu sahəni həqiqətən sevən insanları cəlb etməyə çalışmalıyıq”, fikri ilə tam razılaşmalıyıq. Yəni dil nə qədər önəmli olsa belə, dil bilmək imkanlarından istifadə edib, plagiatçılığa yol verməməliyik. Dil baryerini əsas gətirib, elmlə məşğul olmaq arzusunda olanları elmi fəaliyyətdən çəkindirməməliyik. “Elə vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək”. Bəlkə də gələcək… Ancaq inanmıram ki, kimsə belə bir günün gələcəyini arzulasın. O ki qaldı sovet dövründə rus dilini bilməyənlərə vəzifə verilməməsi ilə bağlı iddiaya, bununla qətiyyən razılaşmaq olmaz. Rus dilində bir kəlmə bilməyən yüzlərlə yüksək vəzifəlilərin adını çəkmək olar. Məsələ onda deyil. Nə qədər ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir, elmimiz, mədəniyyətimiz və incəsənətimiz də millətə xidmət etməlidir. İngilis dilini bilməyin əhəmiyyəti ayrı şeydir, ingilis dilini bilməyin zərurəti başqa bir şey”.

Xəbər lenti