Logo

BDU-da Fizika dərslərində saxlanma qanunlarının metodikasına dair elmi seminar keçirilib

25.11.2022 14:39 111 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Fizika dərslərində saxlanma qanunları və simmetriya haqqında təsəvvürlərin formalaşdırılması” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri Rəhim Rəhimov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, şagirdlərdə dünyanın fiziki mənzərəsi haqqında tam təsəvvürlərin formalaşdırılması üçün simmetriya pirinsiplərinə uyğun olaraq saxlanma qanunlarının çıxarılmasının mümkünlüyünü izah etmək lazımdır. Məruzəçi Fizika dərslərində simmetriya anlayışının tətbiqini öyrənərkən riayət edilməli olan metodiki qaydaları sadalayıb. Qeyd edib ki, fizika qanunlarına münasibətdə simmetriya həmin qanunların bu və ya digər çevirmələrə nəzərən dəyişməzliyini ifadə edir. Simmetriya fiziki obyekt və hadisələrin quruluşunda qərarlaşma, nizamlılıq, tamlıq, gözəllik və məqsədəuyğunluq deməkdir. Simmetriya və asimmetriya bir yerdə vəhdət təşkil edir, dialektik qarşılıqlı təsirdə olur. Fiziki hadisələrin gözəlliyi və harmoniyası həmişə simmetriya ilə deyil, daha çox simmetriya və asimmetriyanın dialektik birləşməsi ilə müəyyən olunur.

Seminarda nəzərə çatdırılıb ki, orta məktəblərdə simmetriya prinsiplərinin şagirdlər tərəfindən öyrənilməsi onlara fiziki biliyin formalaşmasında mövcud olan ardıcıllığın mənasını və incəliyini başa düşməyə imkan verir. Bu isə öz növbəsində şagirdlərin şüurunda dünyanın fiziki mənzərəsinin formalaşmasına kömək edir.

Seminarın sonunda mövzu ilə bağlı məruzəçiyə suallar ünvanlanıb.

Xəbər lenti