Logo

NDU-da Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edilib

25.11.2022 13:10 275 baxış
IMG

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 100 illik yubileyi qeyd edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, yubiley tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 15 mart tarixli Sərəncamına uyğun olaraq keçirilib.

Əvvəlcə görkəmli bəstəkara həsr olunmuş kitab sərgisinə baxış olub. Sərgidə Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən kitab, qəzet və elmi məqalələr toplusunun da daxil edildiyi əlliyə yaxın nəşr nümayiş olunub.

Tədbir bəstəkarın “Kapriççio”sunun səsləndirilməsi ilə başlayıb.

Universitetin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti İnara Məhərrəmova çıxışında qeyd edib ki, yaradıcılığı xalq mahnıları və muğamlarla sıx bağlı olan dünya şöhrətli bəstəkarın əsərləri sırasına simli alətlər orkestri üçün yazılmış ilk milli simfoniya, müasirlik mövzusuna həsr olunmuş ilk lirik opera, ilk fortepiano sonatası və dünya musiqi ədəbiyyatında ilk və yeni olan janr üslubu ilə yazılmış simfonik muğamlar daxildir.

Fikrət Əmirovun opera yaradıcılığı barədə söhbət açan kafedranın müəllimi, dosent Günay Məmmədova bildirib ki, bəstəkar opera yaradıcılığında dünya opera bəstəkarlarının, xüsusilə də Çaykovski ənənələrindən bəhrələnib. “Sevil” operası Üzeyir Hacıbəylinin “Koroğlu” operasından sonra yazılan ən möhtəşəm əsər və “Koroğlu”nun “varisi” olaraq dəyərləndirilir.

Kafedranın baş müəllimi Aynur Qasımova, müəllimi Rumiyə Məmmədova, Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Sərvət İbrahimov Azərbaycan musiqi xəzinəsinə misilsiz töhfələr verən bəstəkarın yaradıcılığının müxtəlif dövrlərində instrumental musiqiyə müraciət edərək yaratdığı əsərlər barədə danışıblar.

Tədbirin bədii hissəsində Xalq artisti Çingiz Axundovun bədii rəhbərliyi və dirijorluğu ilə “Sevil” operasından Balaşın nəğməsi, Dilbərin mahnısı, “Səhər” filmindən Aslanın mahnısı, “Şeyx Sənan” pyesindən Kor Ərəbin mahnısı və “Min bir gecə” baletindən final hissə səsləndirilib.

Sonda çıxış edən universitetin rektoru Elbrus İsayev Fikrət Əmirov yaradıcılığını XX əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, musiqisinin coşqunluğu, təsirli ifadə gücü, zəngin harmoniya və orkestr çalarları ilə dinləyicini valeh edən sənətkar Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri kimi sağlığında ölməzlik qazanıb.

Xəbər lenti