Logo

ADPU-da “Şuşa – Zəfərin təntənəsi” kitabının təqdimat mərasimi keçirilib

24.11.2022 19:55 124 baxış
IMG

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində “Şuşa İli” münasibətilə hazırlanmış “Şuşa – Zəfərin təntənəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, əsərin ideya müəllifi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, müəllifləri isə Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dosent Nazilə Abdullazadədir.

“Şuşa – Zəfərin təntənəsi” kitabında Azərbaycan, rus və ingilis dillərində Şuşa şəhərinin yaranması, tarixi, Şuşa toponiminin xalq ədəbiyyatı nümunələrində, yazılı ədəbiyyatda yeri, Şuşanın işğal dövrü, Şuşanın məktəbşünaslıq tarixi, musiqisi, ədibləri, həmçinin Şuşa ədəbi mühitinin qadın şairləri, şuşalı ziyalı şəxsiyyətlər haqqında araşdırmalara geniş yer verilib. Həmçinin kitabın səciyyəvi xüsusiyyətlərindən biri əsərdə arxivlərdən toplanmış şuşalı şair və ədiblərin, mədəniyyət və incəsənət xadimlərinin, musiqiçilərin fotoşəkillərinin verilməsidir. Bütün bunlar bir daha sübut edir ki, Şuşa təhsil tariximizin, mədəniyyətimizin beşiyidir.

ADPU rəhbərliyi və Filologiya fakültəsinin müəllim-professor heyətinin iştirakı ilə keçirilən təqdimat mərasimində açılış nitqi ilə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynova müəllifləri təbrik edərək kitabın nəşrinin Azərbaycan elmi ictimaiyyəti üçün önəmli hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Şuşa zəfəri Azərbaycan xalqının təntənəsi, qürur yeridir.

Prorektor deyib: “Müharibə təkcə səngərdə yox, bütün istiqamətlərdə gedib və Azərbaycan xalqının hər bir nümayəndəsi istər informasiya müharibəsindən, istərsə də ideoloji savaşdan qalib olaraq ayrılıb. Bu münasibətlə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirik. Şuşa zəfəri Azərbaycanın Zəfər tarixinin ən önəmli zirvələrindən biri kimi bütün dünyaya tanıtdırılmalıdır. Məhz bu kitabın üç dildə hazırlanması bu yolda ADPU-nun Filologiya fakültəsinin uğurlu xidmətlərindən biridir”.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov əsər haqqında danışaraq deyib: “44 günlük Vətən müharibəsi, eləcə də Şuşa zəfəri Azərbaycan xalqının və dövlətçiliyinin özünütəsdiqi, bütün dünyaya vermiş olduğu birbaşa mesajdır. İndi isə əsas vəzifəmiz bütün dünyaya bu Zəfəri anbaan çatdırmaqdır. Bu kitab da məhz bu nöqteyi-nəzərdən çox böyük əhəmiyyət daşıyır”.

Daha sonra Filologiya fakültəsinin müəllimləri ingilis, rus və fransız dillərində çıxış edərək kitab haqqında geniş məlumat veriblər.

Tədbir “Meh” ədəbi dərnəyinin üzvlərinin təqdimatında ədəbi hissə ilə davam etdirilib və Əməkdar artist Elnur Zeynalovun ifasında Mahirə Nağıqızının “Görünür” şeirinə bəstələnmiş mahnının ifası ilə yekunlaşıb.

Xəbər lenti