Logo

ADAU ilə Kazan Dövlət Aqrar Universiteti arasında memorandum imzalanıb

24.11.2022 13:53 78 baxış
IMG

Kazan Universitetinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla nazirlikdə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə qurumun Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fuad Mayılov, müdir müavini Emin Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov, Kazan Universitetinin rektoru Ayrat Rasimoviç Vəliyev, Meşə təsərrüfatı və ekologiya fakültəsinin dekanı Renat Xalitoviç Qafiyatov, Meşə təsərrüfatı və meşə plantasiyaları kafedrasının professoru Xaris Qaynutdinoviç Musin iştirak edib.

Tədbirdə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələrə dair qonaqlara məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafını prioritet istiqamət kimi elan edib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Ölkəmizdə aqrar təhsilin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas məqsədlərdəndir.

Qonaqlara Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, tədris-təcrübə təsərrüfatı, heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, birgə elmi ekspedisiyalar, konfranslar, seminarlar, elmi simpoziumlar və digər beynəlxalq tədbirlərin təşkili, elmi məqalələrin çap olunması, birgə nəşrlər və tədqiqat nəticələrinin patentləşdirilməsi, qısa və ortamüddətli proqramlar üzrə alim və işçilərin mübadiləsi, aspirantura, doktorantura, təcrübə və ixtisasartırma kurslarının təşkili yolu ilə elmi və elmi-pedaqoji kadrların hazırlanması nəzərdə tutulur.

Xəbər lenti