Logo

"Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır"

23.11.2022 13:13 257 baxış
IMG

30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdi.

Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

Cari ilin Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir”.

Xalqın Ulu öndər Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu.

Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün beynəlxalq və ölkədaxili tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət etmişdir.

Bu gün Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil  siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat aktına cavab olaraq, həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Möhtəşəm Qələbəmiz cəmi 44 gün ərzində Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, diplomatik məharəti və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə edildi. Bu gün işğaldan azad olunan doğma ərazilərimizdə bərpa-quruculuq işləri aparılır və bu da vətəndaşlarımızın öz dədə-baba yurdlarına yaxın gələcəkdə baş tutacaq Böyük Qayıdışının başlanığıcıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Zəfərin, ölkəmizdə əldə olunan nailiyyətlərin, bütün sahələrdəki inkişafın əsasında Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasəti dayanır. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi Qələbəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və xalqımız öz Liderinin seçimində düzgün qərar verib. Ölkə başçısı cənab İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi zamanı çxışı zamanı qeyd etdiyi kimi: “Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır”.

Artıq Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz Liderinin-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir. Bir sözlə Yeni Azərbaycan Partiyası nəinki ölkəmiz üçün, bölgədə dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır.

Turan Kərimli

ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

Xəbər lenti