Logo

"Dünənin, bu günün və gələcəyin partiyası"

23.11.2022 10:25 266 baxış
IMG

Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə 21 noyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Prezident İlham Əliyev çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi.

O vaxt Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə öz xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılmışdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə ağır sosial-iqtisadi durumda olan ölkəni dirçəltdi, insanlarımızın güzəranı, yaşayış səviyyəsi yüksəldi.

Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə etdi. Səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanlar Azərbaycanda hakimiyyəti ələ keçirdi. Respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Həmin dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı, ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməzdi. Ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi. Belə ağır günlərdə Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.

1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar.

Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

1993-cü ildə YAP-ın o zamanki sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.

Ölkəmiz üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir.

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir. Ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik.

Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Bəxtiyar Mustafayev
YAP şəhər təşkilatının sədr müavini

Xəbər lenti