Logo

Dahi bəstəkar Üzeyir Hacıbəyovun anım günüdür

23.11.2022 01:38 115 baxış
IMG

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun anım günüdür.

Tehsil.biz xəbər verir ki, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun vəfatından 74 il ötür.

Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci ildə oynanılıb.

Hər il sentyabrın 18-i - Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi isə “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında da dəfələrlə göstərilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır, dahi bəstəkar daha sonra “O olmasın, bu olsun” operettasını yazıb. Üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 86 xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” bir neçə dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Hətta 1940-ci illərdə  Amerikada ermənilər tərəfindən də çəkilib. Titrlərdə Ü.Hacıbəyovun adını qeyd etməyən mənfur düşmən, əvəzinə “Şərq əfsanəsinin motivləri əsasında” sözlərini yazıb. Daha sonra afişalarda  “Arşın mal alan” erməni operettalarının kralıdır” sözləri çap olunub.

Üzeyir bəyin zəngin musiqi və ədəbi irsi Azərbaycan mədəniyyətinin tükənməz xəzinəsidir, xalqımızın mənəvi sərvətidir. Onun ədəbi irsi də çox qiymətlidir. O, 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Əslində, Üzeyir bəyin özü elə Azərbaycan musiqisinin şah əsəridir və bu əsər illər ötdükcə zövqümüzü oxşamaga davam edəcək.

Xəbər lenti