Logo

ADU ilə Samara Dövlət Texniki Universiteti arasında elmi əlaqələr qurulur

22.11.2022 18:40 88 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Samara Dövlət Texniki Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə rektor Kamal Abdulla ADU-nun dünyanın bir sıra nüfuzlu universitetləri ilə elmi, mədəni əlaqələr qurduğunu, müəllim-tələbə mübadiləsini davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə atılan addımlardan biri də ölkələr arasında dil və mədəniyyət mərkəzlərinin qarşılıqlı şəkildə fəaliyyət göstərməsidir. Qeyd olunub ki, ölkə universitetləri arasında mədəni, elmi əlaqələrin inkişafı, həmçinin müəllim-tələbə mübadiləsi olduqca əhəmiyyətlidir.

Görüşdə Samara Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Anna Zotova, Pedaqogika, beynəlxalq mədəni əlaqələr və rus dili xarici dil kimi kafedrasının müdir əvəzi professor Yuliya Lopuxova, dosent Mariya Yurina iştirak ediblər.

Qonaqlar görüşün əhəmiyyətindən danışıb, səmimi və xoş qarşılanmaya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, imzalanan sənəd hər iki universitet arasında qurulan elmi əməkdaşlığa öz töhfəsini verəcəkdir. Bu, ikitərəfli əlaqələrin genişlənməsi və inkişafı yeni perspektivlərə yol açacaq, elmi müstəvidə yeni imkanlar əldə olunacaqdır.

Daha sonra universitetlər arasında anlaşma sənədi imzalanıb. Sənəddə yeni təcrübələrin qarşılıqlı öyrənilməsi, tədris prosesinə tətbiq olunması, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində addımların atılması, akademik, elmi, mədəni əlaqələrin qurulması kimi məsələlər öz əksini tapıb.

Bildirilib ki, tərəflər qarşılıqlı elmi, mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını bir daha bəyan etmiş olur. Həmçinin növbəti beş ildə bu istiqamətdə işlərin həyata keçirilməsi və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi xüsusi olaraq vurğulanıb.

Xəbər lenti