Logo

“Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib - FOTOLAR

22.11.2022 17:16 287 baxış
IMG

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan edilən “Şuşa İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə  noyabrın 22-də “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şuşa-270 il” adlı sənədli film nümayiş olunub.

Konfransda DQİDK-nın rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri, habelə tarixçi mütəxəssislər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq elan edilən “Şuşa İli” çərçivəsində Dövlət Komitəsinin Tədbirlər Planında yer alan layihələrin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.

Erməni vandallarının 30 illik işğal dövründə məscidlərimizi, ziyarətgahlarımızı, qəbirüstü abidələrimizi məhv etdiklərini, işğalçıların bu illər ərzində barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıtdıqlarını vurğulayan S.Salahlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində Qarabağda tikinti-quruculuq işlərinin sürətləndiyini bildirib. Əlavə edib ki, postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərdəki məscidlərlə yanaşı, digər dinlərə aid tarixi abidələr də bərpa olunur və yaxud ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdıqları ibadətgahlar əsl sahiblərinə qaytarılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, AMEA-nın şöbə müdiri Sakit Hüseynov, tarixçi Pərviz Ağalarov çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda dağıdılmış və təhqir edilmiş tarixi dini abidələrimizin bərpasına dövlətimiz tərəfindən verilən önəmdən və bərpa-quruculuq işlərində Heydər Əliyev Fondunun rolundan bəhs ediblər.

Konfrans çərçivəsində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli, 124 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şuşa-270 il” adlı sənədli film nümayiş olunub.

Xəbər lenti